Oktyabrın 10-da Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri Ceyhun Bayramov, Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk, nazirlik yanında İctimai Şuranın üzvləri, təhsil müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Peşə Təhsili üzrə Dövlət Agentliyi tədbirə 9 müəssisə və 15 ixtisası təmsil edən heyətlə qatılıb. Bu il Peşə təhsili müəssisələri hazır məhsullarla yanaşı, onların istehsal prosesini də sərgi iştirakçılarına nümayiş etdiriblər. Sərgi iştirakçıları, həmçinin məktəbinin usta və tələbələri tərəfindən praktiki göstəriləcək dərslərdə iştirak edərək hədiyyələr əldə etmək imkanı qazanıblar. Agentlik üçün ayrılmış guşədə təqdim olunan xalçaçılıq, vitraj, dərzilik, misgərlik, qrim ustası və s. ixtisaslarının əyani nümayişi təqdim olunub. Tədbir zamanı təşkil olunmuş masterclassda şirniyyat dekorasiyalarının hazırlanması sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.