İsmayıllı Peşə Tədris Mərkəzinin tələbələri üzüm və şərab ustası ixtisasına yiyələnməkdədirlər.
20
09 2019
news image

              İsmayıllı Peşə Tədris Mərkəzinin tələbələri 19 sentyabrın tarixində İsmayıllı Şərab-2 (Chabiant Winery) müəssisəsinin sahəsində Saperavi üzüm növünün yığımını həyata keçiriblər.

              İsmayıllı Peşə Tədris Mərkəzi və İsmayıllı Şərab-2 (Chabiant Winery) müəssisəsi arasında əldə olunan razılaşmaya əsasən tədris mərkəzinin tələbələrinin duala bənzər peşə təhsili və təlimi yanaşmasına əsasən təcrübə keçmələri üçün müəssisə tərəfindən təcrübə sahəsi ayrılıb. Yığımdan daha sonra üzümlərin saplaqdan ayrılması, əzilməsi, fermentasiya çənlərinə boşaldılması, mayanın əlavə olunması kimi mərhələlərdə iştirak ediblər. 2019-cu ilin fevral ayından etibarən tələbələr təlimçi, eləcə də yerli və xarici ekspertlərin nəzarəti altında üzüm becərilməsi və şərab istehsalı prosesinin bütün mərhələlərini şəxsən icra edirlər.

              “Üzüm və şərab ustası” ixtisası İsmayıllı Peşə Tədris Mərkəzində 2018-ci ildən tədris olunur və ED VET layihəsi çərçivəsində duala bənzər PTT yanaşmasının pilot tətbiqi üçün seçilmiş ixtisaslardan biridir. Bu müddət ərzində ED VET layihəsi müvafiq müəllim və usta heyətinin həm texniki, həm də pedaqoji bacarıqlarının artırılmasına, eləcə də özəl sektorun duala bənzər PTT yanaşması üzrə təlim prosesinə aktiv cəlb olunmasında pilot mərkəzlərə dəstək göstərməkdədir.

               “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi (PTT) pilotlarının yaradılması” (ED VET) layihəsi Avropa İttifaqı və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tərəfindən maliyyələşir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə məktəbində Almaniyanın duala bənzər PTT yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.