2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb. 5-20 avqust tarixlərində keçirilən birinci mərhələdə 8808 nəfər, 28 avqust - 5 sentyabr tarixlərində keçirilən ikinci mərhələdə isə 3754 nəfər peşə təhsili müəssisələrində təhsil almaq hüququ əldə edib .
11-13 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən vətəndaşların müraciətinə baxılması üçün Apellyasiya Komissiyasının yaradılması nəzərdə tutulub. Komissiyanın yaradılmasında məqsəd qəbul və onun nəticələri ilə əlaqədar yaranan problemlərin həllinə köməklik göstərilməsindən ibarətdir.
Vətəndaşlar 18 nömrəli Bakı Peşə liseyində təşkil ediləcək Apellyasiya Komissiyasına müraciət zamanı şəxsiyyəti təsdiq edən sənədin əslini və təhsil haqqında sənədi təqdim etməlidirlər. Vətəndaşların müraciətinə baxılması 11-13 sentyabr tarixlərində saat 10:00-18:00 radələrində nəzərdə tutulub.
18 nömrəli Bakı Peşə liseyinin ünvanı: Binəqədi rayonu, Heydər Hüseynov küç. 17A