Ötən gün Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Koreya İnsan Resurslarının İnkişafı Xidməti”-nin (HRD Korea) nümayəndə heyəti arasında görüş baş tutub. Görüş zamanı Azərbaycanın “World Skills International” təşkilatına üzv olması üçün təşkilatın əsasnaməsinə istinadən təyin edilmiş meyarlar müzakirə edilmiş, ölkəmizin bu meyarlara qısa zaman ərzində cavab verməsi üçün Koreya, eyni zamanda təşkilata üzv digər ölkələrin uğurlu təcrübələrinin bölüşməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Agentliyinin direktoru Pərviz Yusifov müasir peşə təhsili sisteminin bərqərar olması məqsədilə son illərdə bu sahədə həyata keçirilən islahatlar barədə məlumat verərək, peşə bacarıqlarının inkişafı üçün Azərbaycanın mütəmadi olaraq bu yarışlarda iştirak etməsinin və ölkə səviyyəsində bacarıq yarışların təşkil edilməsinin əhəmiyyətini vurğulayıb.
Sözügedən təşkilata üzvlük istiqamətində işlərin düzgün təşkili məqsədilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyyəti 22-27 avqust tarixlərində Rusiya Federasiyasının Kazan şəhərində keçirilmiş sayca 45-ci “World Skills International” müsabiqəsində qonaq qismində qatılmışdır.
Dünyanın 80-dən çox ölkəsini birləşdirən “World Skills International”-ın əsas məqsədi gənclər üçün yeni məşğulluq imkanlarının yaradılmasından ibarətdir. Dünya iqtisadiyyatı üçün vacib sayılan texnoloji və xidmət sahələrində bacarıqların və peşələrin inkişaf etdirilməsi, bu sahədə mövcud olan bilik və bacarıqların üzv ölkələr arasında təşviq edilməsi təşkilatın əsas vəzifələrindəndir.