Koreya standartları əsasında yaradılan yeni Peşə Təhsil Mərkəzinə sənəd qəbulu davam edir
30
08 2019
news image

             Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya standartları əsasında yaradılan yeni Peşə Təhsil Mərkəzində boş qalan yerlərə sənədlərin qəbulu 5 sentyabr tarixinədək davam etməkdədir.

             2019-2020- ci tədris ili üçün 174 nəfər müsabiqənin birinci mərhələsində uğurla keçib. 2-ci mərhələ çərçivəsində sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində ödənişsiz şəkildə və elektron qaydada aparılır. 2-ci mərhələ üzrə nəticələrin 12 sentyabr tarixinədək açıqlanması nəzərdə tutulur.      

             Cari tədris ilindən fəaliyyətə başlayacaq təhsil müəssisəsi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Sözügedən təhsil müəssisəsi mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ən müasir avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Tədris prosesi üçün nəzərdə tutulan kurikulumlar koreyalı ekspertlər və özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanıb.

             Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş mərkəzdə torna və frezer dəzgahların operatoru, avtomobil diaqnostikası və təmiri ustası, sənayedə quraşdırma işləri üzrə usta, elektronika ustası, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, inşaat ustası, veb dizayner və proqram təminatçısı və avtomatika üzrə usta adlı 8 fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq mümkündür.

             Müsabiqədə 1-ci turda iştirak etməyən namizədlər də sənədlərini təqdim edə bilərlər.