2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbulun 2-ci turu bu gün başlayıb
28
08 2019
news image

                     2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul olunan 8808 nəfər vətəndaşdan 7923 nəfər qeydiyyatdan keçib.

                     Boş qalan yerlərə qəbulun 2-ci turu bu gün başlayıb. 28 avqust - 5 sentyabr tarixlərində davam edəcək müsabiqədə 1-ci turda iştirak etməyən namizədlər də sənədlərini təqdim edə bilərlər.

                     2-ci turla bağlı sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçiriləcək.

                     Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə aparılacaq.

                     Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılacaq.

                     2-ci turun nəticələrinin 6 sentyabr tarixində elan olunacağı nəzərdə tutulub.