Böyük Britaniyada peşə təhsili və təlimi hərtərəfli hazırlıq kursları və ixtisasartırma təlimləri formasında reallaşdırılmaqla, orta ixtisas və ali təhsil pillələrində həyata keçirilir. Peşə təhsili və təlimi kvalifikasiyaları geniş miqyaslı sektorlar üzrə mövcuddur və təhsilalanları iş həyatına hazırlayır. Bu kvalifikasiyalar əsasən əlavə təhsil sektoru çərçivəsində orta ixtisas pilləsində əldə edilir. Təhsil və ya təlim 16 yaşa qədər icbari olsa da (İngiltərədə 18 yaşa qədər), əksər gənclər bu yaşdan sonra da öz təhsillərini davam etdirir. 18 yaşa qədər olan təhsilalanlar üçün peşə təhsili və təlimi hökumət agentlikləri tərəfindən maliyyələşdirilir, yaşlı təhsilalanlar üçün isə qrant və kreditlər verilir.
Təhsilalanlar yaşı 15-i keçdikdən sonra aşağıdakı peşə təhsili və təlimi proqramlarından birinə qəbul ola bilər:
- ümumi akademik tədrisi geniş peşə təhsili və təlimi proqramlarında mövcud olan peşə təhsili və təlimi elementləri ilə birləşdirən məktəb əsaslı proqramlar
- həm məktəbdə, həm də iş yerində reallaşdırıla biləcək ixtisaslı peşə proqramları.
Peşə təhsili və təlimi həm əyani, həm də qiyabi formada təklif edilir. Tələbələr təhsil məzuniyyəti və ya bir neçə günlük işdən azad edilməklə təlimlərdə iştirak edə, yaxud axşam və həftə sonları təşkil edilən təlimlərə qoşula bilər. Proqramın davametmə müddəti predmet sahəsindən, tədrisin səviyyəsindən və təhsilin növündən asılı olaraq dəyişsə də, ümumilikdə bir ildən dörd ilə qədər davam edir.
İstehsalat təcrübəsinə həmişə əmək müqaviləsi, əksər hallarda texniki və peşə kvalifikasiyası, əsas, ötürülə bilən bacarıqlar, məsələn, riyazi qabiliyyət, yazı-oxu qabiliyyəti və İKT bacarıqları daxil olur. İstehsalat təcrübələrinə olan tələbat getdikcə artır və ən yaxşı istehsalat təcrübəsi yerləri üzrə rəqabət də genişlənir. Əmək bazarının cari tələblərinə uyğun olaraq, ali təhsil pilləsində də daha çox istehsalat təcrübəsi proqramları təşkil olunur.
Bu, Birləşmiş Krallıqda peşə təhsili və təlimi təhsilalanlarının ali təhsilə qəbul olması üçün sabit bir sistemdir. Orta ixtisas pilləsində peşə kvalifikasiyalarına malik olan namizədlər (AKÇ-nin 4-cü səviyyəsi) seçilmiş ilkin dövrəli universitet proqramlarına qəbul ola bilər. Bununla belə, təhsil təminatçıları və sertifikat verən təşkilatlar ayrı-ayrı kvalifikasiyalar üçün keçid tələbləri qoyduğuna görə bir kvalifikasiya çərçivəsindən digərinə keçmək üçün avtomatik bir hüquq verilmir.
Şotlandiyada xüsusi nailiyyətlər üzrə təhsil proqramı və Uels bakalavr kvalifikasiyası tələbələrə imkan verir ki, kvalifikasiyalarla fənləri birləşdirsinlər. Nəticədə, ali ixtisas təhsilinə müraciət etmək üçün geniş miqyaslı orta ixtisas kvalifikasiyalarından istifadə edilə bilər. Birləşmiş Krallıqda baza pilləsi və ali dövlət şəhadətnamələridiplomları kimi ali peşə təhsili və təlimi proqramlarından (AKÇ-nin 5-ci səviyyəsi) aidiyyəti sahə üzrə bakalavr dərəcəsinin ikinci və ya üçüncü ilinə keçmək üçün məqsədəuyğun seçimlər də vardır. Bununla belə, qəbul və keçid məsələləri aidiyyəti institutun mülahizəsindən asılıdır. Bəzi hallarda nəticələrin razılaşdırılması Şotlandiyada bir kvalifikasiya növündən və tədris pilləsindən növbəti tədris pilləsindəki digər kvalifikasiya növünə keçidin təminat altında olmasına gətirib çıxarır.
Kvalifikasiyaların dərs əsaslı strukturu, onların kvalifikasiyalar və kredit çərçivələri ilə uyğunlaşdırılması əvvəlki təlim qaydalarının tanınması ilə, kvalifikasiyalar arasında kreditlərin ötürülməsinə imkan verir.
Peşə təhsili və təlimi üzrə Avropa kredit sistemini ("ECVET") dəstəkləmək üçün Birləşmiş Krallığın kvalifikasiyalar sistemlərində əsas struktur elementləri də mövcuddur və hazırda beynəlxalq tələbələrin mobilliyi üzrə icra fəaliyyətləri istiqamətində işləyir.
Kvalifikasiyalar həmçinin sertifikat verən müstəqil təşkilatlar tərəfindən hazırlanır. Bunların bəzisi çox vaxt həm ümumi akdemik, həm də peşə təhsili üzrə geniş miqyaslı kvalifikasiyalar təklif edir. Daha kiçik təşkilatlar isə spesifik bir peşə sahəsində ixtisaslaşır. Orta məktəblər, orta məktəblərin altıncı sinifləri, altı illik kolleclər, əlavə təhsil kollecləri, ali təhsil müəssisələri, özəl təlim təminatçıları və işəgötürənlər peşə təhsili və təlimi təminatçılarına aiddir.
Peşə təhsili və təlimi təhsilalanlarının əksər hissəsini yaşlılar təşkil edir. Yaşlılar üçün təhsil və davamlı təhsil formal təhsil sisteminin tərkib hissəsidir, lakin həmçinin işəgötürənlər və təlim təminatçıları tərəfindən qeyri-formal təlim formasında da təklif edilir. Yaşlılar üçün təhsilin təşkili, təlim resurslarının hazırlanması və əmək bazarının ehtiyaclarının proqnozlaşdırılması kimi fəaliyyətlərə həmkarlar ittifaqları, sahibkar təşkilatları, sektor bacarıqları üzrə şuralar və digər sosial tərəfdaşlar cəlb edilir. İşəgötürənlər bacarıq və kvalifikasiyaların hazırlanmasına getdikcə birbaşa cəlb olunur.