4-6 aprel tarixlərində Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində yerli və xarici ekspertlər tərəfindən usta təlimləri (Master klass) təşkil edilib.
Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən icra olunan “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunan təlimlərdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, peşə təhsili müəssisəsinin müəllim-pedaqoji heyəti, tələbələr və layihənin nümayəndələri iştirak edir.
Üç gün davam edəcək təlimin keçirilməsində əsas məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsi üçün beynəlxalq mütəxəssislər tərəfindən təqdim edilmiş müasir avadanlıqların istifadəsi qaydaları ilə bağlı mərkəzdə təlimlər təşkil etməkdir. Layihə çərçivəsində mərkəzdə tədris olunacaq yeni “Mənzil təsərrüfatı xidməti üzrə mütəxəssis”, “Dağ mədən işləri üzrə mütəxəssis”, “Məişət soyuducu və istilik sistemlərinə xidmət üzrə mütəxəssis”, “Plastik boru qaynaqçısı” və “Tornaçı” ixtisasları üzrə müasir standartlara cavab verən emalatxana yaradılıb və lazımi avandanlıqlarla (CNC maşınlar, böyük politilen və etilen plastik qaynaq avadanlıqları, soyutma və isitmə avadanlıqları və ölçmə cihazları, torna cihazları və s.) təhciz edilmişdir.