26 yanvar – 10 fevral tarixlərində “British Council” təşkilatının dəstəyi ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin və peşə təhsili müəssisələrinin nümayəndələri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının London şəhərində təlim səfərində olublar.
Səfər çərçivəsində “Capital City Colleges Group”un təşkilatçılığı ilə peşə təhsili, milli kvalifikasiyalar sistemi, işəgötürənlərlə tərəfdaşlığın qurulması, peşə təhsili müəssisələrinin idarəedilməsi, innovasiya və sahibkarlıq düşüncə tərzinin təşviqi, sektor şuraları, karyera mərkəzlərinin fəaliyyəti və iş yerində təcrübənin təşkili ilə bağlı Böyük Britaniya təcrübəsi öyrənilib, sahə səfərləri təşkil edilib.
Səfər zamanı həmçinin, peşə təhsil sistemindəki islahatların öyrənilməsi və qarşılıqlı əməkdaşlığın müzakirəsi məqsədilə Birləşmiş Krallığın Təhsil Nazirliyinin nümayəndələri ilə görüş keçirilib.
Bununla yanaşı, turizm sektoru üzrə kadrların hazırlanması, təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlığın davam etdirilməsi məqsədilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Böyük Britaniyanın “Westminister Kingsway” kolleci arasında Niyyət Protokolu imzalanıb.
Qeyd edək ki, “Bacarıqların inkişafı” mövzusunda təşkil olunan təlim səfəri Təhsil Nazirliyi ilə “British Council” təşkilatı arasında bağlanılmış əməkdaşlıq memorandumu çərçivəsində təşkil olunub.