“Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” mövzusunda konfrans
23
01 2019
news image

             Yanvarın 23-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vəBeynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib.

             Konfransda bir sıra dövlət qurumlarının, beynəlxalq təşkilatların, ali təhsil müəssisələrinin və şirkətlərin nümayəndələri, eləcə də sahibkarlar iştirak ediblər.

             Tədbirdə açılış nitqi ilə çıxış edən ASK-nın prezidenti Məmməd Musayev gənclərin məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edərək, məşğulluğun təminatında təhsil müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlığın mühüm rola malik olduğunun vacibliyini bildirib.  

             Təhsil nazirinin müavini İdris İsayev təhsilin iqtisadiyyatın inkişafında, insan kapitalının formalaşmasında və gənclərin məşğulluğunun təmin olunmasında əsas amillərdən biri olduğunu qeyd edib və bu sahədə peşə təhsilinin rolunu xüsusi vurğulayıb.

             İdris İsayev bildirib ki, hazırda peşə təhsili sistemində ciddi islahatlar, təhsilin məzmununun işəgötürənlərin tələblərinə uyğunlaşdırılması, bu sahəyə investisiyaların cəlb edilməsi üçün tədbirlər həyata keçirilir. Ötən il peşə sahəsində 20 yeni ixtisasın peşə təsnifatına daxil edildiyini deyən nazir müavini diqqətə çatdırıb ki, aparılan tədbirlər nəticəsində məzunlar əmək bazarında öz yerlərini tutmağa başlayıb. Turizm sahəsi üzrə məzunların 62,3 faizi, informasiya texnologiyaları üzrə 73 faizi, xidmət sahəsi üzrə isə 69 faizi işlə təmin olunub.

             Nazir müavini qeyd edib ki, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl tərəfdaşlıq sisteminin həyata keçirilməsi əsas şərtlərdən biridir.

             Strateji Yol Xəritəsi və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda işəgötürənlərin stimullaşdırılması ilə bağlı maliyyə, hüquqi və digər sahələr üzrə güzəştlərin verilməsinin nəzərdə tutulduğunu vurğulayan nazir müavini bunun özəl sektorun peşə təhsili ilə tərəfdaşlığa daha çox maraq göstərməsinə imkan yaradacağını diqqətə çatdırıb.

             Tədbirdə digər çıxış edənlər əmək bazarının çağırışları, problemlər və onların həlli yolları, sosial dialoqun inkişafı, gənclərin məşğulluğu sahəsində mövcud vəziyyət və beynəlxalq təcrübə barədə geniş məlumat veriblər.

             Konfransda daha sonra BƏT tərəfindən “Əməyin gələcəyi” mövzusunda hazırlanan qlobal hesabat açıqlanıb.

              “Əmək bazarının tələbləri, təhsil, təlim və bacarıqların inkişafı” mövzusunda keçirilən panel iclasda Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi işəgötürənlər ilə peşə təhsili müəssisələri arasında müxtəlif səviyyələrdə əməkdaşlığın qurulmasının günün tələbi olduğunu vurğulayıb, agentlik tərəfindən bu istiqamətdə görülən işlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

             Daha sonra tədbir “Gənclər arasında sahibkarlığın inkişafı”, “Əlverişli qanunvericilik və əmək münasibətləri”mövzularında panel iclaslarla davam edib.