Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində görüş keçirilib. Görüş peşə təhsili müəssisələrində təhsil alan gənclərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması prosesinə dəstək məqsədi ilə təşkil olunub.
Görüşdə “Gənclər Azad Sahibkarlıq fəaliyyətində” (Enactus Azərbaycan) İctimai Birliyinin, “SR Chemical” şirkətinin nümayəndələri ilə yanaşı, Almaniyanin “MKN” şirkətinin MDB ölkələri üzrə satış nümayəndəsi Tatyana Pavlova və “Birləşmiş Ərəb Əmirliklərinin Aşpazlar Gildiyası”nın üzvü İlkin Əsgərzadə iştirak edib.
Tədbir zamanı “Aşpaz” və “Qənnadçı-şirniyyatçı” ixtisasları üzrə təhsilalanların bilik və bacarıqlarının yüksəldilməsi məqsədi ilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində müasir avadanlıqların quraşdırılmasına və gələcəkdə peşə təhsili müəssisələri arasında adıçəkilən ixtisaslar üzrə birgə yarışların keçirilməsinə dair müzakirələr aparılıb, ilkin razılıq əldə olunub.