İsmayıllı Peşə Tədris Mərkəzinin “Üzümçülük və şərab ustası” ixtisası üzrə təhsilalanlarının “Qəbələ, Qax və İsmayıllı rayonlarında duala-bənzər peşə təhsili və təliminin yaradılması” pilot layihəsi (ED VET) çərçivəsində Qəbələ Konserv Zavoduna info-turu təşkil edilib.
İnfo-tur zamanı tələbələr avtomatlaşdırılmış meyvə şirəsi istehsalı laboratoriyası ilə tanış olub, meyvələrin sıxılması, filtrasiya, konsentratlaşdırılması, həmçinin şüşə və qablaşdırılma, gigiyena qaydaları barədə məlumatlandırılıblar. Tələbələr həmçinin, limonad və soyuq çay istehsalı, kartof emalı müəssisələrində istehsal prosesini izləyiblər.
Qeyd edək ki, İsmayıllı Peşə Tədris Mərkəzində “Üzümçülük və şərab ustası” ixtisası ilk dəfə olaraq cari tədris ilindən etibarən tədris olunur.
ED VET layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən (GİZ) həyata keçirilir.