Çətin peşəyə ASAN yiyələnmə...
29
11 2018
news image

          Peşə təhsili artıq ən modern metodlarla aparılır

          Dövrün ən mühüm sosial problemlərindən biri işsizlikdir. Beynəlxalq Əmək Təşkilatı tərəfindən yayılan son hesabatda qeyd edilmişdi ki, 2017-ci ildə qlobal səviyyədə işsizlərin sayı 2016-cı illə müqayisədə 3,4 milyon artaraq 201 milyona çatıb.

          Azərbaycanda isə 2003-2017-ci illərdə 1,4 milyonu daimi olmaqla 1,9 milyon yeni iş yerinin açılması məşğulluq imkanlarının artmasına, əmək bazarında sabitliyə, işsizliyin və yoxsulluğun 5,04 faiz səviyyəsinə enməsinə səbəb olub. Ümumiyyətlə, ölkəmizdə əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində mühüm işlər görülməkdədir. Bunlardan biri də "ASAN peşə” layihəsidir.
 

          Arzuların gerçəkləşməsi artıq çətin deyil
 

          Müasir peşə təhsili mərkəzlərinin yaradılması, peşə təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, təhsilin məzmununun yenilənməsi və keyfiyyətinin yüksəldilməsi sayəsində vətəndaşların bu sahəyə marağı get-gedə artır. Dövlət peşə təhsili müəssisələrinə qəbulun "ASAN peşə” layihəsi çərçivəsində aparılması isə bir yenilik kimi bu işə öz töhfəsini verib.

          2016/2017-ci tədris ilindən reallaşdırılan layihənin əsas məqsədi peşə təhsili müəssisələrinə sənəd qəbulu prosesində vətəndaşların rahatlığının, şəffaflığın və obyektivliyin təmin edilməsi, subyektiv amillərin qarşısının alınmasıdır. Məhz buna görə də "ASAN peşə” layihəsi cəmiyyət tərəfindən çox müsbət qarşılanıb.

          Peşə təhsili müəssisələrinə daxil olmaq istəyən şəxslər elektron vasitələrlə sənədlərini təqdim edib, istədiyi ixtisası seçirlər və beləliklə, vaxt itkisi yaşanmır. Nəticələr göstərir ki, bu layihə peşə təhsili sahəsində atılan mühüm addımlardan biridir. Belə ki, 2016/2017-ci tədris ili ilə müqayisədə cari tədris ilində müraciət edənlərin sayı 3 dəfəyədək artıb.

          Təhsil Nazirliyinin "ASAN xidmət”lə birgə həyata keçirdiyi "ASAN peşə” layihəsi bu il də uğurla davam etdirilib.

          Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili mövzu ilə bağlı qəzetimizə açıqlamasında layihənin əhəmiyyətindən və müsbət nəticələrindən bəhs edib.
 

          Layihənin əhatə dairəsi genişləndirilir
 

          Amil Əlili bildirib ki, peşə təhsili əmək bazarı ilə ən sıx münasibətdə olan təhsil növü kimi ölkənin sosial-iqtisadi inkişafına töhfə verən aparıcı sahələrdəndir. Bu gün peşə təhsilinin inkişafı ölkə rəhbərliyinin xüsusi diqqətindədir və bu sahədə mühüm tədbirlər həyata keçirilir. Müvafiq tədbirlər sayəsində peşə təhsili ilə bağlı vəziyyət ildən-ilə yaxşılığa doğru dəyişir.

          Şöbə müdirinin sözlərinə görə, ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində 300 peşə üzrə 100 mindən artıq şagirdin təhsil aldığı 185 peşə təhsili müəssisəsi fəaliyyət göstərib. İndi də ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində peşə təhsili ölkəmizdə prioritet sahələrdən biridir. Ölkəmizdə aparılan təhsil islahatlarının tərkib hissəsi olan peşə təhsilinin inkişaf etdirilməsi üçün dövlət səviyyəsində ardıcıl və məqsədyönlü işlər aparılır, mühüm qərarlar qəbul edilir. "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası, "Peşə təhsili haqqında” qanunun qəbulu bu sahənin inkişafı istiqamətində həyata keçiriləcək tədbirlərin səmərəliliyinin artırılması baxımından müstəsna əhəmiyyət kəsb edir.

          Amil Əlili deyir ki, cari tədris ilində Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə dövlət peşə təhsili müəssisələrinə qəbul dövlət və ödənişli əsaslarla "ASAN xidmət” mərkəzləri tərəfindən həyata keçirilib. Mingəçevir şəhəri, Bərdə, Masallı, Sabirabad, Quba və Qəbələ rayonları üzrə peşə təhsili müəssisələrinə isə yalnız dövlət hesabına qəbul müvafiq "ASAN xidmət” mərkəzlərində aparılıb: "Layihənin əhatə dairəsinin genişlənməsi ilə əlaqədar olaraq Bakıda fəaliyyət göstərən iki "ASAN Kommunal” mərkəzi, Quba və Mingəçevir "ASAN xidmət” mərkəzləri də vətəndaşlara bu xidməti göstərib.

          Ərizə qəbulu "ASAN xidmət” mərkəzlərində ödənişsiz formada həyata keçirilir. Bunun üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur. Dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu prosesində vətəndaşlara 10 ixtisas seçmələrinə imkan yaradılır. Qəbul şəhadətnamə və ya attestat üzrə müvafiq fənlərin (ana dili-tədris dili, ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, coğrafiya, informatika, fizika və xarici dil) orta balı nəzərə alınmaqla həyata keçirilir”.
 

          33-ü yeni olmaqla, 168 ixtisas üzrə peşə təhsili müəssisələrinə qəbul keçirilib
 

          2018/2019-cu tədris ili üzrə "ASAN peşə” layihəsi çərçivəsində 33-ü yeni ixtisas olmaqla, 168 ixtisas üzrə peşə təhsili müəssisələrinə qəbul aparıldığını qeyd edən Amil Əlili deyir ki, "ASAN peşə” layihəsinin müsbət nəticələrindən biri də peşə təhsili almaq üçün müraciət edənlər arasında orta attestat balı "4”-dən yuxarı olanların sayının kifayət qədər çoxluğudur. Layihənin 1-ci ili ilə müqayisədə, 2018/2019-cu tədris ilində peşə təhsili müəssisələrinə qəbul olunan tələbələrdən orta attestat balı "4”dən yuxarı olanların sayı 3 dəfə artıb.

          Cari ildə dövlət başçısının iştirakı ilə açılışı olan Mingəçevir "ASAN Həyat” kompleksinə daxil olan "ASAN Peşə” Təhsil Mərkəzi bu tədris ilindən etibarən fəaliyyətə başladı və mərkəzdə elektrik, elektro-mexanik, santexnik, İT üzrə mütəxəssis və tikişçi istiqamətləri üzrə kadr hazırlığına start verildi.
 

          Bir neçə sənəti pis bilməkdənsə, bir sənəti yaxşı bilmək yaxşıdır
 

          "ASAN peşə” layihəsi çərçivəsində ən çox sənəd verilən ixtisaslar aşpaz, dərzi, elektrik qaz qaynaqçısı, İT mütəxəssisi və veb-dizayner, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, geniş profilli traktorçu-maşinist, təmirçi-çilingərdir. Kompüter operatoru, aşpaz, əməliyyatçı mühasib, bərbər ixtisasları üzrə hətta ödənişli əsaslarla da təhsil almaq istəyənlərin sayı kifayət qədərdir.

          Valideynlərini itirənlər, valideyn himayəsindən məhrum olanlar, I, II və III qrup əlillər, münaqişə zamanı əlil olanlar və şəhid ailələrinin üzvləri, 20 yaşına çatmamış və I qrup əlil valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər ödənişli əsaslarla oxuyursa, birmənalı olaraq onların təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək.

          "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, peşə təhsilinə cəlb edilmiş həssas əhali qruplarından olan uşaqların sayının peşə təhsili üzrə təhsilalanların ümumi sayında payının 5 faizdən çox olması əsas hədəf indikatorlarından biri kimi müəyyənləşdirilib. Bununla əlaqədar olaraq "Peşə təhsili haqqında” qanunda yaşlıların, xüsusi qayğıya ehtiyacı olan gənclərin və digər həssas əhali qruplarının təhsilə cəlb olunmaları üçün müvafiq təhsil mühiti və şəraitinin yaradılması, onların ixtisaslarına uyğun işlə təmin olunmasına kömək göstərilməsi nəzərdə tutulub. Bunun nəticəsidir ki, ölkəmizdə ilk dəfə olaraq 2017-2018-ci tədris ilində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində sağlamlıq imkanları məhdud olan gənclər üçün "Soyuducu qurğuların maşinisti” ixtisası üzrə qrup açılıb və 9 nəfər inklüziv təhsil alıb. Bundan başqa, peşə təhsili müəssisələrinə qəbul qaydası, cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin və xüsusi peşə təhsili müəssisələrinin nümunəvi nizamnaməsi, həmin müəssisələrdə tətbiq edilən dövlət peşə təhsili standartları, peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası, peşə təhsili müəssisəsi, təhsilalan və işəgötürən arasında istehsalat təcrübəsinin iş yerində keçirilməsinə dair üçtərəfli müqavilə və peşə təhsilinin inkişafı fondunun nizamnaməsinin layihələri hazırlanır.
 

          Artıq konkret nəticələr əldə olunub
 

          Bu il də sənəd qəbulu prosesində şəffaflıq və vətəndaşlar üçün rahat müraciət etmək imkanının yaradıldığını xüsusi vurğulayan Amil Əlilinin fikrincə, layihənin keçirilməsində əsas məqsəd dövlət peşə təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etmək idi ki, artıq buna nail olunub. Peşə təhsili üzrə "Asan xidmət”in təşkili peşə təhsili müəssisələrinə qəbulun şəffaf şəkildə keçirilməsinə tam təminat verir.

          Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli qəzetimizə bildirib ki, "Peşə təhsili haqqında” qanunun qəbul edilməsi Prezident İlham Əliyevin ölkəmizdə cəmiyyət quruculuğunun daha da sürətləndirilməsi üçün çox vacib sahələrdən biri olan peşə təhsili istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin uğurla həyata keçirilməsinə hüquqi təminat verir.

          İsa Həbibbəyli qeyd edib ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və səmərəli fəaliyyəti bu sahədə böyük irəliləyişlərə nail olmağa geniş meydan açıb: "Azərbaycanda Cənubi Koreya ilə birgə Müasir Peşə Təhsili Kompleksinin yaradılması, paytaxt Bakıda və regionlarda yeni peşə təhsili müəssisələrinin açılması artıq konkret nəticələrin əldə olunduğunu göstərir. Bu baxımdan peşə təhsili üzrə "Asan xidmət”in təşkili peşə təhsili müəssisələrinə qəbulun şəffaf şəkildə keçirilməsinə tam təminat verir. Artıq üçüncü ildir ki, "ASAN xidmət” yolu ilə peşə təhsili müəssisələrinə keçirilən qəbul imtahanları Azərbaycan ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanır. Fikrimcə, peşə təhsili müəssisələrinə axının artmasında və qəbul zamanı bir sıra ixtisaslar üzrə rəqabət mühitinin yaranmasında Təhsil Nazirliyinin həyata keçirdiyi islahatlarla yanaşı, "ASAN xidmət”in formalaşdırdığı şəffaf mühitin böyük rolu var. Ümumiyyətlə, "ASAN xidmət” yeni dövrün mühüm nailiyyətidir”.

          İnsan adətən bacardığı işə görə dəyərləndirilir. Xoş günlər yaşamaq üçün ən vacib şərtlərdən biri sevdiyin işi görməkdir. Həyat o qədər qısadır ki, onu sevmədiyin bir işi görməklə boşuna yaşamağa dəyməz. Bacardığın və zövq alacağın bir peşənin qulpundan yapış və gerçək xoşbəxtliyini tap. Bunun üçün hər cür imkan yaradılıb. Bu gün ölkəmizdə peşə təhsil sisteminin infrastrukturunun və maddi-texniki bazasının yenidən qurulması yaxın dövrdə real nəticələr verəcək.

 

"Azərbaycan” qəzeti