Qurultay çərçivəsində dövlət təltifləri təqdim olunub
28
11 2018
news image

           Azərbaycan müəllimlərinin XV qurultayı davam edir. Qurultay çərçivəsində ölkə Prezidentinin sərəncamlarına əsasən «Əməkdar müəllim» fəxri adı və «Tərəqqi» medalı ilə təltif olunmuş 127 təhsil işçisinə dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.

         Təhsil naziri Ceyhun Bayramov təltif edilən müəllimləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir son 5 ildə təhsil sahəsində ən mühüm nailiyyətin müəllim nüfuzunun artırılması olduğunu deyib. Nazir qeyd edib ki, müəllimlərin diaqnostik qiymətləndirilməsi, yeni əməkhaqqı sisteminin tətbiqi, məktəblərin infrastrukturunun yenilənməsi müəllim peşəsinin nüfuzunun əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Bunun nəticəsində qəbul imtahanlarında yüksək bal toplayaraq müəllim ixtisasını seçənlərin sayı 2090 nəfərə çatıb, bu isə ötən illə müqayisədə 53,6 faiz, 2013-cü illə müqayisədə 2,3 dəfə artım deməkdir.

          Ceyhun Bayramov onu da vurğulayıb ki, son 3 ildə müəllim olmaq istəyənlərin sayı 3 dəfə artıb. Son beş ildə 18136 müəllim işə qəbul olunub. Onlardan kənd məktəblərində fəaliyyətə başlamış 11600 nəfərə həvəsləndirmə tədbirləri tətbiq edilib. Bütün bunlar müəllimlər arasında sağlam rəqabəti, motivasiyanı gücləndirib, təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə yüksəlməsinə səbəb olub.

          Sonra müəllimlərə dövlət təltifləri təqdim edilib.

         Qurultay panel müzakirələrlə işini davam etdirir.