Azərbaycan müəllimlərinin XV qurultayının iştirakçılarına
28
11 2018
news image

          Hörmətli qurultay iştirakçıları!

          Əziz müəllimlər və təhsil işçiləri!

          Sizi – Azərbaycan müəllimlərinin XV qurultayının iştirakçılarını səmimi salamlayır, ölkəmizin bütün təhsil işçilərinə ən xoş arzularımı yetirir, hər birinizə çətin və şərəfli fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirəm.

          Müəllimlərin bu ali məclisinin Azərbaycan Xalq Cümhuriyyətinin əlamətdar 100 illik yubileyi ilə bir vaxta təsadüf etməsinin rəmzi mənası vardır. Ölkəmizdə anadilli təhsil sistemi və təhsil quruculuğunun təməli məhz Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. Xalq Cümhuriyyətinin varisi müstəqil Azərbaycan bu gün dinamik inkişaf tempinə malik dövlətlərdəndir. İqtisadiyyatımızın tərəqqisi ölkəmizdə təhsilin inkişafına da öz müsbət təsirini göstərmişdir. Sosial siyasətimizin əsas prioritetlərindən biri ölkəmizdə zamanın çağırışlarına cavab verən və beynəlxalq standartlara uyğun milli təhsil sisteminin qurulmasıdır.

          “Bilik iqtisadiyyatı”na keçid və ölkənin modernləşməsi üçün həlledici amil kimi insan kapitalının inkişafını təmin edəcək “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrasına başlanılmasından beş il keçir. Bu müddətdə ölkəmizdə müasir təhsil quruculuğu istiqamətində uğurlu addımlar atılmış və Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası sürətlənmişdir. Ümumi təhsildə yeni proqramların tətbiqi başa çatdırılmış, tədrisdə müasir texnologiya və innovasiyaların istifadəsi genişlənmiş, “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” müvəffəqiyyətlə başa çatmış və bu günlərdə yeni “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul olunmuşdur.

          Müəllim əməyinin stimullaşdırılması tədbirləri nəticəsində cəmiyyətimizdə müəllimin nüfuzu yüksəlmiş, istedadlı gənclərin müəllimlik peşəsinə marağı əhəmiyyətli dərəcədə artmışdır. Qazanılan uğurlar dövlətin təhsil sahəsinin davamlı inkişafına diqqət və qayğısının təzahürü, eyni zamanda, Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir.

          Ali məclisinizin təhsil sahəsində ötən dövr ərzindəki fəaliyyəti lazımınca dəyərləndirərək gələcək strateji hədəfləri düzgün müəyyənləşdirəcəyinə və ölkənin intellektual potensialını təhsilin inkişafı məqsədi ətrafında səfərbər edəcəyinə əminəm. İnanıram ki, müəllimlərimiz bundan sonra da vəzifələrinin öhdəsindən layiqincə gələcək, təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, ölkədə müasir təhsil sisteminin qurulması və insan kapitalının formalaşmasına töhfələr verəcək, gənc nəsli vətənpərvərlik, milli-mədəni irsə bağlılıq və azərbaycançılıq məfkurəsi ruhunda yetişdirəcək, yüksək peşəkarlığa və səriştəliliyə malik, rəqabətə davamlı mütəxəssislər hazırlanması üçün əzmlə çalışacaqlar.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 noyabr 2018-ci il.

 

AZƏRTAC