Gürcüstanda “Duala bənzər peşə təhsili və təlimində özəl sektorla əməkdaşlığın qurulması” mövzusunda regional təlim keçirilib. Təlimdə ölkəmizin peşə təhsili müəssisələrinin də nümayəndələri iştirak edib.
Üç gün davam edən təlimdə peşə təhsilində dövlət-özəl əməkdaşlığı, işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası, nəticələrə əsaslanan güclü maliyyələşdirmə sisteminin yaradılması, modul strukturlu, səriştə əsaslı kurikulumların hazırlanması, məqsədli peşə inkişafı proqramları, iş yerində öyrənmə barədə iştirakçılara ətraflı məlumat verilib və fikir mübadiləsi aparılıb.
Təlimdə həmçinin, peşə təhsili müəssisələrinin veb-səhifələrinin yaradılmasının, digər ölkələrin peşə təhsili müəssisələri ilə əlaqələrin qurulmasının vacibliyi vurğulanıb, Azərbaycanda peşə təhsili müəssisələrinin bu sahədəki fəaliyyəti yüksək qiymətləndirilib.
Təlim iştirakçıları ölkədə peşə təhsili sahəsində görülən işlər, əldə olunan yeniliklər, eləcə də təmsil etdikləri peşə təhsili müəssisələrinin fəaliyyəti barədə təqdimatla çıxış ediblər.
Təlimin sonunda iştirakçılar sertifikatlarla təltif olunub.
Qeyd edək ki, təlim Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətini (GİZ) tərəfindən icra olunan “Özəl sektorun inkiaşafı və peşə təhsili və təlimi” proqramı çərçivəsində təşkil olunub.