Tədbirdə millət vəkilləri, dövlət və özəl qurumların əməkdaşları, Avropa İttifaqının, Avropa Komissiyasının rəsmiləri və ilk peşə-ixtisas təhsili müəssisələrinin nümayəndələri iştirak edib.
Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, son illər ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü və düşünülmüş sosial-iqtisadi siyasət nəticəsində yüksək inkişafa nail olunub, yoxsulluğun səviyyəsi minimuma enib və ölkəmiz orta gəlirli ölkələr sırasında yer tutub. Nazir peşə təhsilinin əmək bazarına ən yaxın təhsil sahəsi olmaqla ixtisaslı kadrların hazırlanmasında xüsusi əhəmiyyətindən danışaraq qeyd edib ki, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması, "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin təsdiq edilməsi dövlət-biznes əməkdaşlığına əsaslanan, ölkə iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatını ödəyə bilən və müasir iqtisadi çağırışlara çevik cavab verən peşə təhsili sisteminin yaradılmasına təkan verib.
Layihənin əsas hədəflərinin peşə təhsili üzrə qanun layihəsinin hazırlanmasına hüquqi dəstəyin göstərilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi olduğunu deyən Mikayıl Cabbarov bu layihənin peşə təhsilinin inkişafına öz layiqli töhfəsini verəcəyinə ümid etdiyini vurğulayıb.
Peşə təhsilinin inkişafının təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərdən danışan təhsil naziri bildirib ki, Bakı və Gəncə şəhərlərində yerləşən 32 ilk peşə-ixtisas təhsili müəssisəsi rasionallaşdırılıb və sahələr üzrə ixtisaslaşdırılaraq 13 Dövlət Peşə Təhsili mərkəzlərində birləşdirilib. Qəbələ şəhərində fəaliyyət göstərən 2 peşə təhsili müəssisəsinin bazasında turizm və kənd təsərrüfatı profilləri üzrə ixtisaslaşan Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.
Mikayıl Cabbarov şəffaflığın təmin edilməsi məqsədilə ötən tədris ilindən etibarən “ASAN Peşə” layihəsi çərçivəsində Bakı və Gəncə şəhərlərində yerləşən ilk peşə ixtisas təhsili müəssisələrinə şagird qəbulunun “ASAN Xidmət” mərkəzləri tərəfindən aparıldığını və 2017-ci tədris ilindən başlayaraq bu prosesin “ASAN Xidmət” mərkəzlərinin fəaliyyət göstərdiyi digər şəhər və rayonlarda da həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Tədbirdə Avropa Komissiyasının Şərq Tərəfdaşlığı Regionu məsələləri üzrə direktoru Laurens Meredit əsas diqqəti gənclərin inkişafına ayırmaqla Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri üzrə perspektivlərindən, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Malena Mard Avropa İttifaqı və Azərbaycan arasında təlim və təhsil sahəsində əməkdaşlıqdan, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Azərbaycanda peşə təhsili sahəsində qanunvericilik islahatlarından və son illərdə peşə təhsilinə göstərilən diqqətdən danışıb.
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev layihənin əhəmiyyətini və Strateji Yol Xəritəsində qarşıya qoyulan hədəflərin icrasında böyük rol oynayacağını vurğulayıb.
Layihənin rəhbəri Herman Sonneveld layihənin məqsədi və planlaşdırma barədə danışıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
“Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin əsas məqsədi ölkəmizdə peşə təhsili və təliminin ictimai statusunun cəlbediciliyini artırmaq və əmək bazarının tələblərinə uyğunlaşmasına nail olmaqdır.