“Sahibkar – peşə təhsili əməkdaşlığı”
16
10 2018
news image

                Oktyabrın 16-da “Peşə təhsilinə dəstək” layihəsi çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Sahibkar – peşə təhsili əməkdaşlığı” mövzusunda milli konfrans keçirilib.

                Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi, Almaniya İqtisadi İnkişaf Fondu tərəfindən maliyyələşdirilən layihənin əsas məqsədi ölkədə gənclər arasında məşğulluğun artırılması üçün sahibkarlarla peşə təhsil müəssisələri arasında əməkdaşlığı gücləndirmək və əmək bazarının ehtiyaclarına uyğun kadrların hazırlanmasına dəstək olmaqdır.

                Tədbirdə çıxış edən ASK-nın prezidenti Məmməd Musayev iqtisadiyyatın müxtəlif sektorlarının inkişafı üçün sahibkarlarla peşə təhsili müəssisələri arasındakı əlaqələrin daha sıx qurulmasının əhəmiyyətini vurğulayıb.

                Konfransda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkə başçısı tərəfindən peşə təhsilinin inkişafına göstərilən diqqət və qayğıdan bəhs edərək, bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər və əldə olunan uğurlu nailiyyətlər barədə ətraflı məlumat verib. Bildirilib ki, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl tərəfdaşlığı sisteminin həyata keçirilməsi əsas şərtlərdən biridir.

               “Peşə təhsili haqqında” qanunda işəgötürənlərin stimullaşdırılması ilə bağlı maliyyə, hüquqi və digər sahələr üzrə güzəştlərin verilməsinin nəzərdə tutulduğunu qeyd edən nazir müavini bildirib ki, bu, özəl sektorun peşə təhsili ilə tərəfdaşlığa daha çox maraq göstərməsinə imkan yaradacaq.

                 Tədbirdə Almaniyanın ölkəmizdəki səfirinin müavini xanım Andrea Sühl çıxış edərək təmsil etdiyi ölkənin Azərbaycanda peşə təhsilinin inkişafında maraqlı olduğunu bildirib, xarici sahibkarları da peşə təhsili müəssisələri ilə əməkdaşlığa dəvət edib.

                 Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Zamin Bədirxanov işəgötürənlər ilə peşə təhsili müəssisələri arasında müxtəlif səviyyələrdə əməkdaşlığın qurulmasının günün tələbi olduğunu vurğulayıb, agentlik tərəfindən bu istiqamətdə görülən işlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.

                  Daha sonra ekspertlər layihə çərçivəsində görülən işlər barədə təqdimatla çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.