“Müasir Azərbaycan Peşəkarları” layihəsi üzrə məzunlar işlə təmin olunub
22
06 2017
news image

“Müasir Azərbaycan Peşəkarları Layihəsi” çərçivəsində 37 şagird işlə təmin olunub. Həmin şagirdlər “Eldar Studio” və şəhərin digər gözəllik salonlarında işə başlayıblar. Belə ki, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Liseyi ilə “Eldar Studio” arasındakı əməkdaşlığa əsasən 2016-2017-ci tədris ilində 19  şagird ödənişli əsaslarla, 18 şagird isə dövlət sifarişi əsasında 1 illik təhsil müddətinə “bərbər” ixtisası üzrə tədris proqramına cəlb olunub. Proqrama həmçinin inklüzivlik komponenti də tətbiq olunub. Sağlamlıq imkanları məhdud 3 şagird inklüziv təhsilə cəlb olunmaqla istehsalat təcrübələrini uğurla başa vurub və “Eldar Studio”da işə başlayıblar.

Qeyd edək ki, “Müasir Azərbaycan Peşəkarları Layihəsi”nin icrasına 2013-ci ildən başlanılıb. Layihə peşə təhsili sistemində dövlət-biznes əməkdaşlığının qurulması, işəgötürənlərin tədris prosesinə cəlb edilməsi və peşə təhsilli məzunlarının məşğulluq imkanlarının artırılmasına xidmət edir. İlk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafına yönələn və işəgötürənlərlə əməkdaşlığa əsaslanan və sosial xarakter daşıyan bu layihə çərçivəsində ilk-peşə ixtisas təhsil müəssisələrində  quru-inşaat və suvaq işləri ustası ixtisasları üzrə “Knauf”, bərbər və vizajist ixtisasları üzrə “Eldar Studio” kimi özəl şirkətlərlə kadr hazırlığı aparılmaqdadır.

Layihə çərçivəsində gənclərin peşə təhsilinə cəlb olunması, peşə təhsilinin nüfuzunun artırılması, özəl sektorla təhsil müəssisələri arasında əməkdaşlığın qurulması, müasir tələblərə cavab verən resurs mərkəzlərinin yaradılması, təhsil vəsaitlərinin, dərslik və materiallarının hazırlanması kimi tədbirlər həyata keçirilir.