Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) İnkişafına Avropa İttifaqının Dəstəyi” texniki yardım layihəsinin İdarəetmə Komitəsinin dördüncü iclası keçirilib.
Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təmsilçiləri, dövlət peşə təhsili müəssisələrinin rəhbərləri, beynəlxalq və yerli ekspertlərin iştirakı ilə keçirilən tədbirdə layihənin “III Aralıq hesabatı” dinlənilib və müzakirələr aparılıb.
Layihənin qrup rəhbəri cənab Herman Sonneveld “III Aralıq hesabatı” dövründə həyata keçirilmiş işlər və növbəti mərhələdə planlaşdırılan tədbirlərə dair məruzə ilə çıxış edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor əvəzi Amil Əlili Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin ölkədə peşə təhsilinin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb, layihənin komponentləri üzrə nəzərdə tutulan tədbirlərin icra müddətində həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə digər çıxış edənlər “III Aralıq hesabatı” və qarşıda duran məsələlərə dair öz fikirlərini bildiriblər.