Peşə təhsili müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi və təhsilverənlərin peşəkar kompetensiyalarının inkişaf etdirilməsi məqsədilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin fəaliyyət planına uyğun olaraq, 17–20 noyabr 2026-cı il tarixlərində kurikulumların tətbiqinə dair genişmiqyaslı təlimlər keçirilib.
Təlimlərdə Bakı şəhəri və ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən peşə təhsili müəssisələrindən 100 nəfər təhsilverən iştirak edib. Proqram çərçivəsində 17 noyabr tarixində onlayn sessiya, 19–20 noyabr tarixlərində isə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində əyani təlimlər təşkil olunub.
Təlimlərin əsas məqsədi iştirakçıların modul əsaslı kurikulumların hazırlanması və tətbiqi üzrə bilik və bacarıqlarını təkmilləşdirmək, təlim nəticələrinin müasir əmək bazarının tələblərinə uyğun formalaşdırılması, eləcə də Azərbaycan Respublikasının Milli Kvalifikasiyalar Çərçivəsinin (AzMKÇ) 3–5-ci səviyyə deskriptorları ilə uzlaşdırılması istiqamətində səriştələrini inkişaf etdirmək olub.
Proqram çərçivəsində modul adlarının müəyyənləşdirilməsi, təlim nəticələrinin və qiymətləndirmə meyarlarının hazırlanması məsələləri əhatə olunub. Bununla yanaşı, iştirakçılar keys təhlili və rollu oyunlar kimi fəal təlim metodlarının tədris prosesində tətbiqinə dair praktiki məşğələlərdə iştirak ediblər.