18 noyabr 2026-cı il tarixində Bakıda Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə peşə təhsilinin 10 illik yubileyinə həsr olunan “Peşə Təhsili Forumu” keçirilib.
Forumda Elm və Təhsil Nazirliyinin və Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbər şəxsləri və nümayəndələri, dövlət qurumlarının təmsilçiləri, Agentliyin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin direktorları, eləcə də peşə təhsili və təlimi sahəsində fəal əməkdaşlıq edən işəgötürən qurumların nümayəndələri iştirak ediblər.
Tədbirin əsas məqsədi ölkəmizdə peşə təhsili sahəsində son on ildə həyata keçirilən islahatları və əldə olunan nailiyyətləri diqqətə çatdırmaq, sahənin inkişafında iştirak edən maraqlı tərəfləri bir araya gətirmək, mövcud inkişaf tendensiyalarını və gələcək prioritetləri müzakirə etmək, eləcə də dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsinə töhfə vermək olub.
Forumun açılışında Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli və kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev çıxış ediblər. Ardınca Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı “Peşə təhsili – 10 il” mövzusunda təqdimatla çıxış edərək son onillikdə peşə təhsili sistemində həyata keçirilən institusional və məzmun islahatları, infrastrukturun müasirləşdirilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı, işəgötürənlərlə əməkdaşlıq və əldə olunan nəticələr barədə məlumat verib.
Forum çərçivəsində iki panel müzakirəsi təşkil olunub.
“Regionlarda iqtisadi sektorların inkişafına dəstək: insan kapitalının inkişafı və dövlət-özəl əməkdaşlığı” mövzusunda keçirilən birinci panelin moderatoru “Seft Consulting” MMC-nin direktoru İlkin Nəzərov olub. Paneldə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktorunun müavini İlqar Nuri və TABİA Group-un əməliyyatlar üzrə baş direktoru Eldar Əlimuradov iştirak ediblər.
Müzakirələr zamanı regionların iqtisadi inkişaf prioritetləri, əmək bazarının gələcək kadr tələbatının müəyyənləşdirilməsi, biznes sektorunun insan kapitalının inkişafındakı rolu, peşə təhsili müəssisələri ilə real sektor arasında əməkdaşlığın gücləndirilməsi və dövlət-özəl tərəfdaşlığının yeni imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Birinci panel sessiyasından sonra peşə təhsilinin inkişafına və insan kapitalının yetişdirilməsinə fəal töhfə verən tərəfdaş qurumların nümayəndələrinin təltifolunma mərasimi keçirilib. Həmçinin Agentliyin son onillikdəki fəaliyyətini və peşə təhsili sahəsində əldə olunan inkişaf nəticələrini əks etdirən videoçarx nümayiş etdirilib.
Forum “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda ikinci panel sessiyası ilə davam edib. “Innoveta” MMC-nin direktoru Pərviz Yusifovun moderatorluğu ilə keçirilən paneldə elm və təhsil naziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev çıxış ediblər.
Panel çərçivəsində dəyişən əmək bazarının tələblərinə uyğun insan kapitalının formalaşdırılması, gələcəyin peşə və bacarıq ehtiyacları, texnoloji və iqtisadi dəyişikliklərin kadr hazırlığına təsiri, eləcə də peşə təhsili ekosisteminin gələcək inkişaf istiqamətləri və bu sahədə mövcud çağırışlar müzakirə olunub.
İkinci panel sessiyasının ardından Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyinin bir qrup əməkdaşı Agentliyin yaradılmasının 10 illiyi münasibətilə peşə təhsilinin inkişafına, tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsinə və fəaliyyətləri ilə sahəyə verdikləri töhfələrə görə Fəxri Fərmanla təltif olunublar.
“Peşə Təhsili Forumu” ölkənin iqtisadi inkişaf prioritetlərinə uyğun ixtisaslı kadr hazırlığının təşviqi, insan kapitalının inkişafı, əmək bazarının dəyişən tələblərinə uyğun peşə təhsili modelinin formalaşdırılması və dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi baxımından mühüm müzakirə platforması olub. Forum, eyni zamanda, peşə təhsilinin son onillikdə keçdiyi inkişaf yolunun qiymətləndirilməsi və növbəti mərhələnin prioritetlərinin müəyyənləşdirilməsi üçün əhəmiyyətli imkan yaradıb.