“Azərbaycan peşə təhsili: tarixi və perspektivləri” kitabının təqdimatı keçirilib
13
11 2026
news image

13 noyabr 2026-cı il tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan peşə təhsili: tarixi və perspektivləri” kitabının təqdimat mərasimi keçirilib.

Filologiya üzrə fəlsəfə doktoru, “Peşə təhsili və insan kapitalı” jurnalının baş redaktoru Şahbaz Balakişiyevin müəllifliyi ilə ərsəyə gələn nəşr Azərbaycanın peşə təhsilinin tarixi inkişaf yolunu və gələcək perspektivlərini əhatə edir.

Tədbirdə giriş sözü ilə çıxış edən İlqar Bayramlı kitabın hazırlanma məqsədi və əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, nəşr Azərbaycanın peşə təhsili sisteminin tarixi inkişaf yolunun, müasir vəziyyətinin və gələcək perspektivlərinin kompleks şəkildə araşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Kitabda, eyni zamanda, Peşə Təhsili üzrə Dövlət Agentliyinin son 10 illik fəaliyyəti, bu müddət ərzində həyata keçirilən islahatlar və əldə olunan nəticələr əksini tapıb.

Kitabda peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması, milli iqtisadiyyatın inkişafında ixtisaslı kadr potensialının rolu, gənclərin əmək fəaliyyətinə hazırlanması, müasir təhsil yanaşmaları və sahənin inkişaf perspektivləri də geniş şəkildə işıqlandırılıb.

Nəşrdə, həmçinin Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi ilk illərdən etibarən peşə təhsilinin inkişafına göstərdiyi diqqət və qayğı, bu istiqamətdə həyata keçirilən islahatlar, habelə həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi tarixi araşdırmalar və arxiv materialları əsasında təqdim olunub.

Təqdimat mərasimində Elm və Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikası Təhsil İnstitutunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, pedaqoji mətbuatının nümayəndələri, “Peşə təhsili və insan kapitalı” jurnalının redaksiya heyətinin üzvləri və peşə təhsili müəssisələrinin əməkdaşları iştirak ediblər.

Kitabın nəşri Azərbaycanın peşə təhsili tarixinin öyrənilməsi, sahədə əldə olunan təcrübənin gələcək nəsillərə ötürülməsi və peşə təhsilinin inkişaf perspektivlərinin geniş ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətlidir.