Peşə Təhsili üzrə Dövlət Agentliyinin fəaliyyət planına uyğun olaraq, ölkənin peşə təhsili müəssisələrində tədris prosesini həyata keçirən təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil olunan respublika miqyaslı metodiki dəstək təlimləri uğurla yekunlaşıb. Paytaxt Bakı ilə yanaşı müxtəlif regionlarda olan 43 müəssisəni və ümumilikdə 250 müəllim və istehsalat təlimi ustasını əhatə edən silsilə təlimlər başa çatıb.
İnteraktiv formatda və qarşılıqlı diskussiyalar əsasında qurulan təlim proqramı tədrisin keyfiyyətinin artırılmasına, xüsusilə də sinfin və emalatxananın idarə edilməsi sahəsində pedaqoji heyətin praktiki bacarıqlarının dərinləşdirilməsinə xidmət edib. İnteqrasiya olunmuş proqram çərçivəsində tədrisin effektivliyini şərtləndirən əsas komponentlər və müəllim davranışının həlledici rolu hərtərəfli təhlil olunub.
Təlimlər boyu iştirakçılar müəllimin sinifdə baş verən proseslərdən daim xəbərdar olması, dərsin axıcılığının qorunub saxlanılması, eləcə də qaydalar və prosedurlar arasındakı incə fərqləri real praktiki nümunələr əsasında müzakirə ediblər. Eyni zamanda, tədris mühitində yarana biləcək intizam pozuntularının və münaqişələrin cəzalandırma deyil, məhz anlama və bərpaetmə yolu ilə həllini təmin edən 4R Strategiyasının (Refleksiya, Məsuliyyət, Bərpa və Yenidən İnteqrasiya) tətbiqinə xüsusi yer ayrılıb. Bu istiqamətdə emosional təhlükəsiz və inklüziv mühitin qurulması üçün müxtəlif real situasiya tapşırıqları uğurla yerinə yetirilib.
Proqram çərçivəsində differensial təlim elementləri də geniş şəkildə əhatə olunub. Təhsilverənlər məzmun, proses, nəticə və öyrənmə mühiti üzrə fərqləndirmə metodlarını mənimsəyib, həmçinin tələbələrin motivasiyasını əhəmiyyətli dərəcədə artıran cəmiyyətə xidmət layihələrinin peşə təhsilində tətbiqi imkanlarını nəzərdən keçiriblər.