Peşə təhsili müəssisələrində fəaliyyət göstərən təhsilverənlərin peşəkar bacarıqlarının yüksəldilməsi və kadr hazırlığı prosesinin müasir standartlara cavab verməsi istiqamətində keçirilən ixtisasartırma təlimləri yekunlaşıb. Sentyabrın 28-dən noyabrın 6-dək davam edən genişmiqyaslı proqram peşə təhsili müəssisələrinin istehsalat təlimi ustaları və ixtisas fənn müəllimləri üçün təşkil edilib. Bakı, Qəbələ, Bərdə və Cəlilabad şəhərlərində təşkil edilən təlimlərdə 60 peşə təhsili müəssisəsindən ümumilikdə 300 nəfər təhsilverən iştirak edib.
Təlimlərin başlıca məqsədi pedaqoji heyətin bilik və bacarıqlarını sürətlə dəyişən əmək bazarının tələblərinə uyğunlaşdırmaq olub. Bu çərçivədə, iştirakçıların öz ixtisas sahələri üzrə ən son texnoloji yenilikləri yaxından mənimsəməsi və müasir avadanlıqların işləmə prinsiplərini dərindən öyrənməsi diqqət mərkəzində saxlanılıb. Proses zamanı müəllimlərin nəzəri bilikləri zənginləşdirilməklə yanaşı, bu biliklərin real istehsalat mühitində tətbiqi bacarıqları da inkişaf etdirilib. Həmçinin, pedaqoji və didaktik yanaşmalar müasirləşdirilərək, tədrisdə daha interaktiv və səmərəli metodların tətbiqi üçün əlverişli zəmin yaradılıb.
Ümumilikdə 42 müxtəlif peşə ixtisasını əhatə edən proqram təhsilverənlərin həm texniki, həm də praktik imkanlarının genişləndirilməsinə xidmət edib. Sonda təlimləri müvəffəqiyyətlə başa vuran bütün iştirakçılara sertifikatlar təqdim olunub.