Peşə təhsili müəssisələrinin təhsilverənləri üçün keçirilən beynəlxalq “bootcamp”lar yekunlaşıb
20
10 2026
news image

       Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə peşə təhsili müəssisələrində çalışan təhsilverənlərin bilik və bacarıqlarının artırılmasına yönəlmiş “bootcamp”lar yekunlaşıb. Təlimlər Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında bağlanmış “Peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində həyata keçirilib.

     12-16 oktyabr 2026-cı il tarixlərini əhatə edən proqram çərçivəsində üç istiqamət - “Avtomobil sənayesi”, “Xidmət (turizm)” və “Kənd təsərrüfatı” sahələri üzrə 150 nəfərlik intensiv təlimlər təşkil olunub.

    “Avtomobil sənayesi” istiqaməti üzrə təlimlər Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilib. Beş gün davam edən təlim proqramına müxtəlif peşə təhsili müəssisələrindən müvafiq sahə üzrə 50 müəllim cəlb edilib. Təlimdə iştirakçılara mühərrik sistemləri, müasir avtomobil texnologiyaları kimi mövzularda yeni bilik və bacarıqlar aşılanıb.

    “Turizm və iaşə xidməti” istiqaməti üzrə təlim proqramı Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində həyata keçirilib. Təlimdə müxtəlif peşə müəssisələrindən 55 nəfər iştirak edib. Bu proqram turizm sahəsində idarəetmə, xidmət standartları, beynəlxalq təcrübənin öyrənilməsi və praktiki bacarıqların təkmilləşdirilməsini hədəfləyib.

    “Kənd təsərrüfatı” istiqaməti üzrə təlimlər isə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində baş tutub. Ümumilikdə 45 nəfəri əhatə edən təlim kənd təsərrüfatının təməl komponentləri, ekoloji faktorlar, torpaq xüsusiyyətləri, gübrələmə və bitki suvarma sistemləri kimi fundamental mövzuları əhatə edib. İştirakçılar davamlı kənd təsərrüfatı (orqanik, bərpaedici), iqlim dəyişikliyinin təsirləri, həssas kənd təsərrüfatı texnologiyaları və mexanizasiya kimi müasir yanaşmalarla yaxından tanış olublar.

     Hər üç istiqaməti əhatə edən təlim proqramının əsas məqsədi peşə təhsili müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin beynəlxalq təcrübədən faydalanması, müasir texnologiya və xidmət sahəsindəki yeniliklərin mənimsənilməsi, həmçinin Türkiyə-Azərbaycan əməkdaşlığının davamlı inkişafına töhfə vermək olub.

   Proqramın Peşə Təhsili üzrə Dövlət Agentliyində keçirilən bağlanış mərasimində beş günlük intensiv təlimlərin nəticələri müzakirə olunub. Tədbir çərçivəsində təlimçilər arasında təcrübə mübadiləsi aparılıb, gələcək strateji əməkdaşlıq istiqamətləri və birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi edilib. Proqrama verdikləri töhfəyə görə təlimçilərə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı tərəfindən təşəkkürnamələr təqdim olunub.