Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə peşə təhsili müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının artırılmasına yönəlmiş “bootcamp”lara start verilib. Təlimlər Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında bağlanmış “Peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində həyata keçirilir.
12-16 oktyabr 2026-cı il tarixlərini əhatə edən proqram çərçivəsində üç istiqamət – “Avtomobil sənayesi”, “Xidmət (turizm)” və “Kənd təsərrüfatı” sahələri üzrə intensiv təlimlər təşkil olunur.
“Avtomobil sənayesi” istiqaməti üzrə təlimlər Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilir. Beş gün davam edəcək təlim proqramına müxtəlif peşə təhsili müəssisələrindən müvafiq sahə üzrə müəllimlər cəlb edilib. Təlimdə iştirakçılara mühərrik sistemləri, müasir avtomobil texnologiyaları kimi mövzularda yeni bilik və bacarıqlar aşılanır.
“Turizm və iaşə xidməti” sahəsi üzrə təlim proqramı Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində həyata keçirilir. Bu proqram turizm sahəsində idarəetmə, xidmət standartları, beynəlxalq təcrübənin öyrənilməsi və praktiki bacarıqların təkmilləşdirilməsini hədəfləyir.
“Kənd təsərrüfatı” sahəsi üzrə təlimlər isə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində baş tutur. Proqram kənd təsərrüfatının təməl komponentləri, ekoloji faktorlar, torpaq xüsusiyyətləri, gübrələmə və bitki suvarma sistemləri kimi fundamental mövzuları əhatə edir. İştirakçılar davamlı kənd təsərrüfatı (orqanik, bərpaedici), iqlim dəyişikliyinin təsirləri, həssas kənd təsərrüfatı texnologiyaları və mexanizasiya kimi müasir yanaşmalarla yaxından tanış olurlar.
Hər üç istiqaməti əhatə edən təlim proqramının əsas məqsədi peşə təhsili müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin beynəlxalq təcrübədən faydalanması, müasir texnologiya və xidmət sahəsindəki yeniliklərin mənimsənilməsi, həmçinin Türkiyə-Azərbaycan əməkdaşlığının davamlı inkişafına töhfə verməkdir.