5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının, Elm və Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, təhsil ictimaiyyətinin və peşə təhsili müəssisələrinin nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılış nitqi Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı tərəfindən səsləndirilib. Ardınca pedaqoji elmlər doktoru, professor, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın və Respublika Təhsil Şurasının sədri Hikmət Əlizadə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş məruzə ilə çıxış edib.
Tədbirdə, həmçinin Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Elçin Quliyev, Elm və Təhsil Nazirliyinin nümayəndələri Rauf Orucov, Turxan Süleyman, Leyla Xəlilova-Rzazadə və Leyla Abbaslı, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan İbrahimov, “Peşə təhsili və insan kapitalı” jurnalının baş redaktoru Şahbaz Balakişiyev çıxış ediblər.
Tədbir çərçivəsində peşə təhsili müəssisələrinin rəhbərlərinin və qabaqcıl müəllimlərin çıxışları da dinlənilib. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin ixtisas fənn müəllimi Elvar Baxşıyev peşə təhsili sahəsində fəaliyyəti və uğurları ilə bağlı çıxış edib.
Tədbirin sonunda əmək fəaliyyəti ilə seçilən və peşə təhsilinin inkişafına töhfə verən əməkdaşlara Peşə Təhsili üzrə Dövlət Agentliyinin Təşəkkürnamələri təqdim olunub.
Təşəkkürnamələr Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Elvar Baxşıyevə, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Nahidə Əhlimanovaya, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Ceyhunə Musayevaya, Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Tofiq Rəcəbov və Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Mətanət Gözəlovaya təqdim olunub.
Tədbirdə müəllim əməyinin gələcəyə verilən dəyər olduğu vurğulanıb, peşə təhsili sahəsində çalışan bütün müəllim və əməkdaşlar Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik ediliblər.