Cari il ərzində Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən peşə təhsili müəssisələrində fəaliyyət göstərən təhsilverənlərin peşəkar inkişafına yönəlmiş növbəti ixtisasartırma təlimlərinə start verilib.
Paytaxtda təşkil olunan proqram çərçivəsində təhsilverənlərin müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarının artırılması hədəflənir. Təlimlər “Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı”, “İnformasiya kommunikasiya texnologiyaları üzrə texnik”, “Kompüterlərin təmiri və xidməti üzrə texnik”, “Telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator”, “Kompüter sistem inzibatçısı” ixtisaslarını əhatə edib.
Təlim müddətində iştirakçılara nəzəri və praktiki biliklərin inteqrasiyasına əsaslanan dinamik öyrənmə mühiti təqdim olunub.
Proqramın əsas məqsədi beynəlxalq təcrübələrə əsaslanaraq iş yerində öyrənmə prosesini inkişaf etdirmək, eləcə də təhsilverənlərin peşəkar bilik və praktiki bacarıqlarını müasir standartlara uyğunlaşdırmaqdır.
Təlim zamanı iştirakçılar nəzəri sessiyalarla yanaşı, praktiki tapşırıqlar və real istehsalat mühitində tətbiqi məşğələlər vasitəsilə yeni yanaşmaları yaxından mənimsəyiblər.
Proqramın yekununda təlimləri uğurla başa vuran 32 iştirakçı müvafiq sertifikatlarla təltif olunub.