“Böyük Qayıdışın asanlaşdırılması” layihəsinin ikinci mərhələsi başa çatıb
22
09 2026
news image

   İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən BP Exploration (Caspian Sea) Ltd., Peşə Təhsili üzrə Dövlət Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) texniki dəstəyi ilə həyata keçirilən “Böyük Qayıdışın asanlaşdırılması: doğma yurdlarına qayıdan məcburi köçkünlərin məşğulluq perspektivlərinin və biznes imkanlarının artırılması” layihəsinin ikinci mərhələsi başa çatıb.
   Layihə çərçivəsində Kürdəmir rayonunda müvəqqəti məskunlaşmış 60 qadın və gənc məcburi köçkün peşə təhsili və sahibkarlıq istiqamətləri üzrə təlimlərə cəlb olunub.
   Kürdəmir Peşə Liseyinin dəstəyi ilə iştirakçılara dərzilik, aşpazlıq, kompüter sistemləri və şəbəkə proqram təminatı, vizajist və bərbər istiqamətləri üzrə qısamüddətli peşə təhsili imkanları təqdim olunub. Bununla yanaşı, iştirakçılar sahibkarlıq, biznesin idarə edilməsi və maliyyə planlaşdırılması üzrə praktiki biliklər əldə ediblər.
   Eyni zamanda 30 iştirakçı üçün KOBİA-nın dəstəyi ilə fərdi biznes planları hazırlanıb. Biznes planlarının hazırlanması iştirakçıların əldə etdikləri peşə bacarıqlarının sahibkarlıq və gəlir imkanlarına çevrilməsinə, eləcə də iqtisadi müstəqilliklərinin gücləndirilməsinə dəstək məqsədi daşıyır.
  Tədbirdə dövlət qurumlarının nümayəndələri, Peşə Təhsili üzrə Dövlət Agentliyinin təmsilçiləri və Milli Məclisin deputatları iştirak ediblər. Kursları başa vuran iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.
   Qeyd edək ki, layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər məcburi köçkünlərin peşə bacarıqlarının və sahibkarlıq imkanlarının inkişaf etdirilməsinə, məşğulluq perspektivlərinin genişləndirilməsinə və “Böyük Qayıdış” prosesi çərçivəsində sosial-iqtisadi inteqrasiyasına dəstək göstərilməsinə xidmət edir.