Lənkəranda qızlar üçün rəqəmsal bacarıq və karyera proqramının təqdimatı keçirilib
14
09 2026
news image

12 sentyabr tarixində Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində 18–25 yaşlı qızlar üçün nəzərdə tutulmuş "Yango Rəqəmsal Bacarıqlar və İmkanlar Proqramı" təqdim olunub. Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin təşəbbüsü ilə həyata keçirilən proqram İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Yango Azerbaijan” və “Future Skills Academy”nin birgə təşkilatçılığı ilə reallaşdırılır. Proqram Lənkəran bölgəsindən olan, rəqəmsal bacarıqlarını inkişaf etdirmək, karyera imkanlarını genişləndirmək və müasir iş mühitinə daha hazırlıqlı olmaq istəyən 18–25 yaşlı qızlar üçün nəzərdə tutulub və iştirakçılar üçün tamamilə ödənişsizdir.

Açılış tədbirində çıxış edən Fariz İsmayılzadə region gənclərinin, xüsusilə qızların müasir bilik və bacarıqlara çıxışının genişləndirilməsinin, onların şəxsi və peşəkar inkişafının dəstəklənməsinin əhəmiyyətindən danışıb.

Daha sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedov çıxış edərək son illərdə, xüsusilə cənub bölgəsində qızların peşə təhsilinə marağının artdığını qeyd edib. O bildirib ki, peşə təhsili qızların praktiki bacarıqlar qazanmasına, özünəinamı möhkəmləndirməsinə, əmək bazarında fəal iştirakına və müstəqil gələcək qurmasına mühüm imkanlar yaradır.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndəsi çıxışında rəqəmsal bacarıqların inkişafının, innovativ düşüncənin təşviqinin və gənclərin yeni texnologiyaların yaratdığı imkanlardan faydalanmasının əhəmiyyətini vurğulayıb.

Tədbirdə çıxış edən “Yango Azerbaijan”ın Baş direktoru Müşviq Həsənov “Yango Group”un Azərbaycanda texnologiya, təhsil və yerli istedadların inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyət, eləcə də region gəncləri üçün yeni imkanların yaradılmasının əhəmiyyəti barədə danışıb.

Təqdimat zamanı iştirakçılara proqramın məqsədləri, təlim istiqamətləri və iştirakçılar üçün yaradılacaq imkanlar barədə ətraflı məlumat verilib. Proqram çərçivəsində iştirakçılar rəqəmsal bacarıqlarını inkişaf etdirmək, peşəkar mühit haqqında biliklərini artırmaq və gələcək karyeralarına daha yaxşı hazırlaşmaq imkanı əldə edəcəklər.

2026-cı ilin sentyabrından 2027-ci ilin martınadək davam edəcək təlimlər ADA Universitetinin müəllimləri tərəfindən keçiriləcək. Təlimlərin şənbə və bazar günləri Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində təşkili nəzərdə tutulub.

Tədbir çərçivəsində “Nar” şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət direktoru Hökümə Kərimova tərəfindən “İlhamverici qadınlar: Karyera və liderlik hekayəsi” mövzusunda motivasiya sessiyası keçirilib. Sessiyada peşəkar inkişaf, karyera quruculuğu və korporativ mühitdə uğur qazanmaq barədə fikir və təcrübə mübadiləsi aparılıb.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, proqramın məqsədləri və gələcək mərhələləri ilə bağlı müzakirələr aparılıb. Həmçinin iştirakçılar, spikerlər və tərəfdaşlar arasında fikir mübadiləsi və şəbəkələşmə imkanları yaradılıb.

“Yango Rəqəmsal Bacarıqlar və İmkanlar Proqramı” regionda yaşayan gənc qızların müasir rəqəmsal bacarıqlara çıxışını genişləndirməklə yanaşı, onların şəxsi və peşəkar inkişafına, karyera quruculuğuna və gələcək imkanlara daha hazırlıqlı olmasına dəstək verməyi hədəfləyir.