27 avqust 2026-cı il tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası” (ATA) arasında tekstil və sənaye sahəsində əmək bazarının tələblərinə uyğun kadr hazırlığının gücləndirilməsi məqsədilə görüş keçirilib.
Görüşdə əmək bazarının mövcud və gələcək kadr tələbatının müəyyənləşdirilməsi, müasir təhsil proqramlarının hazırlanması, işəgötürənlərin tədris prosesinə cəlb edilməsi, istehsalat təcrübəsi və dual təhsil imkanlarının genişləndirilməsi, həmçinin yeni peşələrin araşdırılması məsələləri müzakirə olunub.
Görüş zamanı tekstil və sənaye sektorunda fəaliyyət göstərən müəssisələrin kadr ehtiyacları, o cümlədən laboratoriya texniki, toxuculuq, tikiş və digər istiqamətlər üzrə mütəxəssislərə olan tələbat barədə fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni yaradılacaq peşə təhsili müəssisələrində işəgötürənlərin iştirakının təmin edilməsi, eləcə də “Sosial Tekstil Atelyesi” layihəsi çərçivəsində gənc qızların məşğulluğunun və sosial inteqrasiyasının dəstəklənməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.
Görüşün sonunda Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.