25 avqust 2026-cı il tarixində Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı ilə Gəncə-Daşkəsən Regionu üzrə ixtisaslaşmış əmək yarmarkası keçirilib.
Yarmarkanın əsas məqsədi peşə təhsili məzunları, işaxtaran və işsiz şəxslərlə işəgötürənlər arasında birbaşa əlaqənin yaradılması, onların aktiv məşğulluq tədbirlərinə cəlb olunması, mövcud vakansiya və karyera imkanlarının təqdim edilməsi, məzunların məşğulluğunun dəstəklənməsi, eyni zamanda işəgötürənlərin ehtiyac duyduğu peşə və ixtisaslar üzrə uyğun kadrların seçiminə şərait yaradılması olub.
Tədbirin rəsmi açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri çıxış ediblər. Çıxışlar zamanı əmək bazarının dəyişən tələbləri, gənclərin təhsildən məşğulluğa keçidinin dəstəklənməsi, işəgötürənlərin kadr hazırlığı prosesinə cəlb olunması, eləcə də regionlarda məşğulluq imkanlarının genişləndirilməsi ilə bağlı fikirlər səsləndirilib.
Əmək yarmarkasında 27 işəgötürən tərəfindən 168 vakant iş yeri təqdim edilib.
Yarmarkanın fərqləndirici xüsusiyyətlərindən biri Gəncə-Daşkəsən regionunda ilk dəfə olaraq müxtəlif regionlarda fəaliyyət göstərən peşə təhsili müəssisələri ilə işəgötürənlərin ixtisaslaşmış əmək yarmarkası formatında bir araya gətirilməsi olub. Tədbirə Gəncə şəhəri ilə yanaşı, Göygöl, Şəmkir, Goranboy və Naftalan şəhərlərində yerləşən peşə təhsili müəssisələrinin məzunları da cəlb olunub.
Bundan əlavə, yarmarkada 15 ixtisas üzrə peşə təhsili məzunları master-klasslar vasitəsilə peşə bacarıqlarını nümayiş etdirib, hazırladıqları əl işlərini sərgiləyərək işəgötürənlərə öz bacarıqlarını təqdim ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” çərçivəsində işçi qüvvəsinin rəqabətqabiliyyətliliyinin artırılması, səmərəli məşğulluğun təmin edilməsi və gənclərin təhsildən əmək bazarına keçidinin gücləndirilməsi prioritet istiqamətlər kimi müəyyən edilib.