Azərbaycan təmsilçiləri AQEM çərçivəsində keçirilən Bacarıqlar üzrə Yarışda III yerə layiq görülüblər
06
07 2026
news image

30 iyun–4 iyul 2026-cı il tarixlərində Çin Xalq Respublikasının Quançjou şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində Bacarıqlar üzrə Yarış keçirilmişdir.

34 üzv və müşahidəçi dövləti bir araya gətirən yarışın əsas məqsədi bacarıqların inkişafı və texniki əməkdaşlığın təşviqi vasitəsilə AQEM-ə üzv və müşahidəçi dövlətlər arasında qarşılıqlı etimadın, əməkdaşlığın və insanlararası əlaqələrin gücləndirilməsidir. Tədbir eyni zamanda mütəxəssislər üçün bilik və bacarıqların artırılması, qabaqcıl təcrübə mübadiləsi, innovasiyaların təşviqi və qarşılıqlı öyrənmə üçün mühüm imkan yaradır.

Yarışda Azərbaycanı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin "Elektronika ustası" ixtisası üzrə məzunu Əli Məmmədov və Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin "Dronların texniki xidməti və təmiri üzrə mütəxəssis" ixtisasında təhsil alan tələbəsi Rauf Mirzəyev təmsil ediblər. Təmsilçilərimiz "Pilotsuz uçuş aparatlarının yığılması, sazlanması və texniki xidməti" (UAV Assembly, Adjustment and Maintenance) kateqoriyası üzrə yüksək nəticə göstərərək III yerə layiq görülüblər.

Əldə olunan bu növbəti uğur Azərbaycan peşə təhsilinin inkişafını, gənclərimizin yüksək peşə hazırlığını, innovativ düşüncə tərzini və yüksək texnologiyalar sahəsində formalaşdırdıqları bacarıqların beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha təsdiq edir.