Yeni dərs ilinin başlanması ilə əlaqədar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilib.
Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, rayon təhsil şöbəsinin əməkdaşları, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri, peşə təhsili müəssisəsinin mühəndis-pedoqoji heyəti, valideynlər və tələbələr iştirak edib.
Mərasimdə çıxış edənlər son illər ölkəmizdə peşə təhsilinin inkişafının günün tələbi olduğunu, bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini iştirakçıların diqqətə çatdırıb, yeni dərs ilinin başlanması münasibəti ilə mühəndis-pedoqoji heyəti və tələbələri təbrik edərək, uğurlar arzulayıblar.
Sonra qonaqlar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində tələbələr üçün yaradılmış şəraitlə, tədris və təlim otaqları ilə yaxından tanış olublar.
*****
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində də yeni tədris ilinin başlanmasına həsr olunmuş tədbir təşkil olunub.
Mərasimdə Təhsil Nazirliyi yanında Dövlət Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, “British Council” təşkilatının, JW Marriott Absheron Baku Hotelinin nümayəndələri, mühəndis-pedaqoji heyət, valideynlər və tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edənlər peşə təhsilinin inkişafının diqqət mərkəzində olduğunu qeyd edərək peşə təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, təhsilin məzmununun yenilənməsi və keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər barədə danışıb.
*****
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yeni tədris ilinin başlanması münasibəti ilə keçirilən tədbirdə Təhsil Nazirliyi yanında Dövlət Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, ictimai təşkilatların nümayəndələri, mühəndis-pedaqoji heyəti, tələbə və valideynlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər ölkəmizdə peşə təhsili sahəsində aparılan islahatlar, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib, gənclərin bu sahəyə marağının artdığını vurğulayıblar.
*****
İsmayıllı Peşə Tədris Mərkəzində Təhsil Nazirliyi yanında Dövlət Peşə Təhsili üzrə Dövlət Agentliyinin, yerli icra hakimiyyətinin əməkdaşlarının, ictimai və beynəlxalq təşkilatların nümayəndələrinin, müəllim-pedaqoji heyətin, tələbə və valideynlərin iştirakı ilə yeni dərs ilinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edənlər peşə təhsilinin inkişafına ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğı, bu istiqamətdə həyata keçirilən tədbirlər, yeni ixtisaslar barədə danışıblar.