29-30 aprel 2026-cı il tarixlərində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “WorldSkills Azerbaijan” İctimai Birliyi ilə əməkdaşlığı çərçivəsində keçirilən elektronika üzrə milli yarış uğurla başa çatıb.
Yarışın əsas məqsədi namizədlərin elektronika üzrə praktiki biliklərinin obyektiv şəkildə qiymətləndirilməsi, real yarış mühiti yaradılaraq ən layiqli namizədin seçilməsi idi. Müsabiqə Sənaye və İnnovasiyalar üzrə BDPTM-in müasir elektronika laboratoriyasında WorldSkills standartlarına uyğun şəkildə təşkil edilib. 6 saat müddətində keçirilən yarış elektronik dizayn, simulyasiya, “embedded” proqramlaşdırma bölmələrini əhatə edib.
Yarış nəticələrinə əsasən Orxan Mustafayev I yerə layiq görülüb. Qalib iştirakçı Azərbaycan Respublikasını beynəlxalq “WorldSkills Shanghai 2026” yarışında təmsil edəcək.
Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiadaların təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı iştirakçıların peşə bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradan yarış formatıdır və bununla yanaşı, qlobal standartların və əmək bazarının tələblərinin təhsil sisteminə inteqrasiyasını təşviq edir.