Əmək bazarına uyğun kadr hazırlığı üzrə əməkdaşlıq genişləndirilir
23
04 2026
news image

22 aprel 2026-cı il tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

Görüş zamanı Agentliyin direktoru İlqar Bayramlı Peşə Təhsili üzrə Dövlət Agentliyinin əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və yenilikləri, o cümlədən dövlət proqramları çərçivəsində prioritetləri vurğulayıb. O qeyd edib ki, müasir əmək bazarının tələblərinə cavab verən ixtisasların müəyyənləşdirilməsi, sosial tərəfdaşların cəlb edilməsilə peşə təhsilinin keyfiyyətinin artırılması və məzunların məşğulluğunun təmin edilməsi Agentliyin əsas prioritetləri sırasındadır.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov isə rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri barədə məlumat verərək aktiv məşğulluq tədbirləri, həyata keçirilən layihələr və aparılan islahatlar barədə danışıb. O, xüsusilə gənclərin əmək bazarına inteqrasiyası, peşə hazırlığı və karyera dəstəyi mexanizmlərinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

  Görüş çərçivəsində tərəflər peşə təhsili və məşğulluq sahələri arasında əlaqələrin gücləndirilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin edilməsi və məzunların məşğulluq imkanlarının artırılması istiqamətində mövcud yanaşmaları və prioritetləri, peşəyönümü xidmətlərinin təşkili, karyera mərkəzlərinin fəaliyyəti və özünüməşğulluq proqramı üzrə əməkdaşlıq imkanlarını müzakirə edib.

Tərəflər gələcəkdə birgə təşəbbüslərin həyata keçirilməsi və əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.