Fevralın 18-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində 2025-2026-cı tədris ili üzrə ali və peşə təhsili müəssisələrinin tələbələri üçün elan edilmiş növbəti Təqaüd Proqramı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü - sədrin müavini İlqar Cəlilov, eləcə də ali təhsil müəssisələrinin rektorları və tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan İlqar Cəlilov qalibləri təbrik edərək, onların gələcək fəaliyyətlərində uğurlar diləyib.
Dağ-mədən sahəsinin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə investisiya baxımından perspektivli üç prioritet istiqamətdən biri kimi müəyyən edildiyini qeyd edən İ.Cəlilov vurğulayıb ki, bu sahədə insan kapitalının gücləndirilməsi, ixtisaslı mütəxəssislərin hazırlanması və gənclərin istehsalat prosesinə inteqrasiyası strateji əhəmiyyət daşıyır və Təqaüd Proqramı da məhz bu məqsədlərə xidmət edir.
Təqaüd proqramlarını tələbələrin təhsil həyatına, onların bilik və bacarıqlarının artırılmasına mühüm töhfə kimi dəyərləndirən elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, bu cür təşəbbüslər tələbələrin peşəkar inkişafına əhəmiyyətli təsir göstərir. Nazir müavini vurğulayıb ki, dövlət şirkəti tərəfindən yaradılan bu imkanlar tələbələrin real iş mühitinə daha sürətli uyğunlaşmasına, nəzəri biliklərlə yanaşı praktiki bacarıqlara da yiyələnməsinə və gələcək karyeralarına daha hazırlıqlı başlamalarına şərait yaradır.
Daha sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı Agentliklə “AzerGold” arasında 2021-ci ildən qüvvədə olan əməkdaşlıq memorandumu çərçivəsində peşə təhsili istiqamətində ixtisaslı kadrların hazırlanmasına yönəlmiş birgə fəaliyyətin artıq konkret və ölçüləbilən nəticələr verməkdə olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, istehsalat yönümlü təhsil modelinin tətbiqi, kurikulumların əmək bazarının tələblərinə uyğunlaşdırılması və sənaye tərəfdaşlığı mexanizmlərinin gücləndirilməsi bu əməkdaşlığın əsas uğur komponentlərini təşkil edir.
Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə peşə təhsili müəssisələrindən 15 tələbə “AzerGold” təqaüdünün qalibi olub. Proqram çərçivəsində tələbələrin sosial müdafiəsinə dəstək məqsədi ilə qaliblərin hər biri üçün aylıq təqaüd ödəniləcək. Qaliblər şirkətin istehsalat sahələrində təcrübə keçmək imkanı əldə edəcək, nəzəri biliklərini real iş mühitində tətbiq etməklə praktiki bacarıqlarını gücləndirəcəklər. Onların gələcək karyera inkişafı üçün bütün zəruri təşkilati və metodiki şərait təmin olunacaq.