Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri ilə görüş keçirilib.
Görüş çərçivəsində Agentliyin direktoru İlqar Bayramlı və Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli tərəfindən iki qurum arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandum iki qurum arasında əmək bazarı ilə peşə təhsili sistemi arasında qarşılıqlı əlaqələrin gücləndirilməsini, məlumat mübadiləsinin genişləndirilməsini və birgə analitik fəaliyyətin həyata keçirilməsini nəzərdə tutur.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı qeyd edib ki, peşə təhsilinin əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılması Agentliyin prioritet istiqamətlərindəndir. İşəgötürənlərlə sıx əməkdaşlıq çərçivəsində tədris proqramlarının yenilənməsi və tələbələrin praktiki bacarıqlarla təmin olunması məzunların daha yüksək məşğulluq göstəricilərinə nail olmasına şərait yaradır.
Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli isə çıxışında əmək bazarı məlumatlarının peşə təhsili müəssisələrinə ötürülməsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu məlumatlar ixtisasların yenilənməsi, təlim proqramlarının daha çevik qurulması və məzunların məşğulluq imkanlarının artırılması baxımından mühüm rol oynayır.
Sənədə əsasən, tərəflər peşə təhsili müəssisələri üzrə qəbul sayı, məzun göstəriciləri və digər müvafiq statistik məlumatlar əsasında ixtisaslı işçi qüvvəsinin əmək bazarına adaptasiya səviyyəsinin təhlilini aparacaqlar. Eyni zamanda, peşə təhsili müəssisələri məzunlarının məşğulluq səviyyəsinin və onların əmək bazarına inteqrasiya vəziyyətinin qiymətləndirilməsi istiqamətində birgə analitik fəaliyyət həyata keçiriləcək.
Bundan əlavə, Memorandum çərçivəsində regionlar üzrə cari prioritet peşələrin, strateji məşğulluq sahələrinin və onların gələcək inkişaf meyillərinin müəyyən edilməsi, həmçinin əmək bazarı ilə peşə təhsili sistemi arasında qarşılıqlı əlaqənin daha da gücləndirilməsi nəzərdə tutulur.