Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində keçirilən görüşlər Baykar Milli Teknoloji Mesleki ve Teknik Anadolu Liseyinə ziyarətlə yekunlaşıb.
Səfərin son mərhələsində nümayəndə heyəti Baykar Milli Teknoloji Mesleki ve Teknik Anadolu Lisesi-nin istehsalat infrastrukturu ilə tanış olub, tələbələrin real sənaye mühitində hazırlıq prosesini yerində izləyib və tətbiq olunan təhsil–istehsalat inteqrasiyası modelinin xüsusiyyətlərini öyrənib. Məktəbin direktoru Vedat Karabayır innovasiyalara əsaslanan təlim modeli barədə ətraflı təqdimatla çıxış edib.
Görüş zamanı yüksək texnologiyalar üzrə peşə hazırlığının gücləndirilməsi, istehsalat əsaslı təlim modelinin tətbiqi imkanları, müəllim və mütəxəssis mübadiləsi, kurikulumların innovativ sənaye tələblərinə uyğunlaşdırılması və öyrənənlərin real istehsalat mühitində təcrübəsinin təşkili məsələləri müzakirə olunub.
Tərəflər vurğulayıblar ki, peşə təhsilinin inkişafı innovasiya və sənaye ilə birbaşa əlaqələndirilmiş, xarici dil bacarıqlarına malik insan kapitalının formalaşdırılmasına əsaslanan model üzərində qurulmalıdır. Bu baxımdan Baykar modelinin öyrənilməsi və uyğun elementlərinin Azərbaycan peşə təhsili sisteminə inteqrasiyası strateji əhəmiyyət daşıyır.
Beləliklə, səfər çərçivəsində keçirilən görüşlər sektor əsaslı peşə təhsilinin inkişafı və beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli nəticələrlə tamamlanıb.