Modul dərsliklərin təqdimat mərasimi keçirilib
11
09 2018
news image

   Sentyabrın 11-də “Meyvə ustası” və “Tərəvəz ustası” ixtisasları üzrə hazırlanmış 7 modul dərsliyin təqdimatı mərasimi keçirilib.

            Modul dərsliklər BP şirkətinin və tərəfdaşlarının maliyyə dəstəyi ilə “British Council” tərəfindən icra olunan “Kənd təsərrüfatı üzrə peşə təhsili: yeni ixtisasların yaradılması” layihəsi çərçivəsində  hazırlanıb.

           Təqdimat mərasimində təhsil naziri Ceyhun Bayramov, Böyük Britaniyanın ölkəmizdəki səfiri Karol Krofts, “Bp” şirkətinin regional prezidenti Qeri Cons, “British Council”un Azərbaycan üzrə direktoru Summer Xia, Kənd Təsərrüfatı Nazirliyinin, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları və layihənin nümayəndələri iştirak edib.

           Tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov son illərdə ölkədə peşə təhsilinin əsas prioritet istiqamətlərdən biri kimi müəyyən olunduğunu, bu sahədə aparılan islahatların və həyata keçirilən layihələrin əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin uğurlu icrası, “Peşə təhsili haqqında” Qanunun qəbul edilməsi peşə təhsilinin inkişafı üçün yeni imkanlar yaradıb. Nazir peşə təhsili sahəsində beynəlxalq təşkilatlarla, xüsusi ilə “Bp” şirkəti və “British Council” ilə birgə əməkdaşlığın müsbət nəticələri barədə məlumat verərək əlaqələrin davam etdiriləcəyini vurğulayıb.

            Mərasimdə digər çıxış edənlər Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrdən danışıb, modul dərsliklərin peşə təhsilində tədrisin məzmununun və keyfiyyətinin yüksəldilməsində səmərəli olacağını vurğulayıblar.

            Qeyd edək ki, 2016-cı ildən icra olunan “Kənd təsərrüfatı üzrə peşə təhsili: yeni ixtisasların yaradılması” layihəsi çərçivəsində 19 modul dərslik hazırlanıb.