24 dekabr tarixində Bərdə Dövlət Peşə Təhsil Mərkəzində “Peşə təhsili və əmək bazarı əməkdaşlığının gücləndirilməsi” mövzusunda regional konfrans keçirilib. Tədbirdə Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin inzibati-rəhbər heyəti, Bərdə rayon İcra Hakimiyyətinin nüməyəndələri, Dövlət Məşğulluq Agentliyi, KOBİA kimi dövlət qurumlarının rəsmiləri, həmçinin sözügedən iqtisadi rayonlarda fəaliyyət göstərən özəl sektor nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları ilk öncə mərkəzin infastrukturu və maddi-texniki bazası ilə yaxından tanış olublar. Qonaqların diqqətinə çatdırılıb ki, 1200-dən çox tələbənin təhsil aldığı müəssisədə əsasən İKT, kənd təsərrüfatı və sənayenin digər sahələri üzrə peşə ixtisaslarının tədrisi həyata keçirilir.
Görüş zamanı regionda işəgötürənlərin tələbləri və peşə təhsili müəssisələri üçün yeni çağırışlar, işəgötürən–peşə təhsil mərkəzləri əməkdaşlığı, dual təhsil, birgə layihələr, startap təşəbbüslər kimi mövzular və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işəgötürənlərlə əməkdaşlıq imkanları müzakirə edilib.