Peşə təhsili: nailiyyətlər və çağırışlar mövzusunda konfrans keçirilib
03
12 2025
news image

       2 dekabrda Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Peşə təhsili: nailiyyətlər və çağırışlar” mövzusunda konfrans keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin rəhbər şəxsləri və nümayəndələri, Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin direktorları və direktor müavinləri iştirak edib.

Konfransda ilk çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli bildirib ki, peşə təhsili müasir dövrün tələblərinə cavab verən, rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasında xüsusi rol oynayır. O, peşə təhsilinin strateji sənədlərdə, o cümlədən 2022–2026-cı illərə aid sosial-iqtisadi inkişaf strategiyasında və “Böyük Qayıdış” proqramında öz əksini tapdığını vurğulayıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor səlahiyyətlərini icra edən Simnar Mamedov  çıxışında bildirib ki, infrastruktur sahəsində görülən işlər nəticəsində peşə təhsilinin maddi-texniki bazası və tədris infrastrukturu əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov çıxışında cəmiyyətin peşə təhsilinə münasibətinin zamanla dəyişdiyini vurğulayıb.

Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman qeyd edib ki, “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsində peşə təhsili müəssisələrinin sayının artırılması, məzmun və keyfiyyətin yenilənməsi, adambaşına maliyyələşdirmənin genişləndirilməsi, yeni peşə təhsil proqramlarının tətbiqi kimi bütün  məsələlər müzakirəyə açıqdır.

Konfransda 2022–2025-ci illər ərzində peşə təhsili sahəsində əldə olunan nəticələr təqdim edilib, görülən işlərin təhlili və mövcud təcrübə əsasında yeni dövr üçün çağırışlar müzakirə olunub.

          Konfransın növbəti sessiyalarında müzakirələr təşkil edilib, iştirakçılar arasında peşə təhsili sisteminin inkişaf prioritetləri, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının gücləndirilməsi, idarəetmənin optimallaşdırılması və tədrisin keyfiyyətinin artırılması istiqamətləri üzrə praktiki təkliflər və mövcud çətinliklərlə bağlı fikir mübadiləsi aparılıb.