Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) keçirilir. Beşinci dəfə təşkil olunan festival bu il 16 əsas və 2 alt kateqoriya üzrə yarışları əhatə edir. SAF 2025 üçün 5 000-dən çox namizəd qeydiyyatdan keçmiş, onların arasından 1415 nəfər final mərhələsində iştirak etmək hüququ qazanmışdır. Finalçıların 212 nəfəri 19 xarici ölkəni təmsil edir. Münsiflər və beynəlxalq komandalar da nəzərə alındıqda, festivalda ümumilikdə 22 ölkənin nümayəndələri iştirak edir.
Beynəlxalq festivalda Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin STEAM Mərkəzi də iştirak edir. Mərkəz SAF 2025-də iki kateqoriya üzrə dörd komanda ilə təmsil olunur. FlyTech kateqoriyasında AirOx və Eagle komandaları, robot texnologiyaları üzrə isə Peşəkarlar və RoboTeam komandaları final mərhələsində çıxış edirlər.
Festivalın əsas məqsədi STEAM əsaslı tədrisin təşviqi, təhsilalanların XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı və innovativ düşüncəyə malik gənclərin üzə çıxarılması, həmçinin yeni layihələrin və texnoloji həllərin formalaşdırılmasına dəstək göstərilməsidir. STEAM modeli elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ şəkildə tədrisinə əsaslanaraq şagird və tələbələrdə analitik, yaradıcı və praktiki bacarıqların inkişafına xidmət edir.