Zəfər Gününün beşinci ildönümü münasibətilə ölkə üzrə peşə təhsili müəssisələrində silsilə tədbirlər təşkil olunub. Tədbirlərin məqsədi Vətən müharibəsində əldə olunan tarixi Qələbənin əhəmiyyətini gənc nəslə aşılamaq, şəhidlərin xatirəsini ehtiramla yad etmək və gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək olub.
Silsilə tədbirlər çərçivəsində Bakı şəhəri və regionlarda yerləşən peşə təhsili müəssisələrinin nümayəndələri şəhid məzarlarını və şəhid ailələrini ziyarət edib, onların ailə üzvləri ilə görüşlər keçirib, diqqət və qayğılarını ifadə ediblər.
Eyni zamanda təhsil müəssisələrində Vətənə həsr olunmuş müsabiqələr, bilik yarışları, idman turnirləri, mövzuya dair dəyirmi masalar və maarifləndirici seminarlar təşkil olunub. Tədbirlərdə tələbələr, müəllimlər və ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.
Zəfər Gününə həsr olunmuş bu tədbirlər, həmrəyliyin, milli qürurun və vətənpərvərliyin təcəssümü kimi gənclərin mənəvi tərbiyəsində mühüm rol oynayır.