Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Çin nümayəndə heyətinin iştirakı ilə rəsmi görüş keçirilib. Səfərin əsas məqsədi peşə təhsili sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması, əməkdaşlıq imkanlarının müzakirəsi və yerli peşə təhsili müəssisələri ilə əlaqələrin daha da inkişaf etdirilməsi olub.
Nümayəndə heyətinə Şanxay Çin Peşə Təhsili Cəmiyyətinin icraçı sədr müavini və qrup rəhbəri Xu Vey, eləcə də digər rəsmi şəxslər daxildir.
Görüşdə tərəflər peşə təhsili sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, innovativ tədris metodlarının tətbiqi və müasir peşə bacarıqlarının inkişafı istiqamətində fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində nümayəndə heyəti üçün mərkəzdə infotur da təşkil olunub. Qonaqlar mərkəzin struktur bölmələri, tədris sahələri və emalatxanaları ilə tanış olublar. Onlara burada tətbiq olunan tədris metodları, müasir texniki avadanlıqlar və tələbələrin praktiki bacarıqlarının formalaşdırılmasına xidmət edən təlim mühiti barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, səfər Azərbaycan və Çin arasında peşə təhsili sahəsində strateji əməkdaşlığın möhkəmləndirilməsi, tədris prosesində qabaqcıl beynəlxalq təcrübələrin tətbiqi və peşə təhsili sisteminin davamlı inkişafına dəstək baxımından mühüm əhəmiyyət kəsb edir.