23 oktyabr 2025-ci il tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində qısamüddətli təlimləri başa vuran müdavimlərlə görüş keçirilib. Tədbir zamanı alternativ enerji qurğu və avadanlıqlarının istismarı və qazanxana maşinisti ixtisasları üzrə təlimləri uğurla tamamlayan 20 müdavimə sertifikat təqdim edilib.
Qeyd edək ki, cari ildə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 37 nəfər məcburi köçkün qısamüddətli təlimlərə cəlb edilib. Təlimlərin müddəti təlim proqramlarının tələblərinə uyğun olaraq 1 aydan 3 ayadək müəyyən edilir və əsas məqsədi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin kvalifikasiyalarının artırılması yolu ilə davamlı məşğulluğunun təmin edilməsidir. Bu təlimləri uğurla başa vuran şəxslərə əmək fəaliyyətinə başlamağa imkan verən dövlət nümunəli sertifikat təqdim edilir.
Ümumilikdə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində qısamüddətli təlimlər 12 peşə təhsili müəssisəsində 42 ixtisas üzrə keçirilir. Proqram çərçivəsində 2024-cü ildə 215 nəfər, 2025-ci ildə isə 859 nəfər təlimlərə cəlb olunub. Müvafiq sahələr üzrə yeni bilik və bacarıqlara yiyələnmək istəyən məcburi köçkünlər portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçərək iştirak edə bilərlər.