Adambaşına maliyyələşmə mexanizmi tətbiq olunan peşə təhsili müəssisələrinin hesabatları dinlənilib
24
10 2025
news image

24 oktyabr 2025-ci il tarixində adambaşına maliyyələşmə mexanizmi tətbiq olunan peşə təhsili müəssisələrinin 2025-ci il üzrə Fəaliyyət Planlarının III rüb hesabatlarının dinlənilməsi məqsədilə görüş keçirilib.

Görüşün əsas məqsədi peşə təhsili müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılması, idarəetmə proseslərinin təkmilləşdirilməsi və planlaşdırılmış tədbirlərin icra vəziyyətinin qiymətləndirilməsi olub.

Müzakirələrdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbər heyəti, struktur bölmələrinin məsul əməkdaşları, eləcə də adambaşına maliyyələşmə mexanizmi tətbiq olunan peşə təhsili müəssisələrinin direktorları iştirak ediblər.

Tədbir çərçivəsində hər bir müəssisə üzrə III rüb ərzində görülən işlər və əldə olunan nəticələr təqdim olunub. Müzakirələr zamanı tələbə qəbulu prosesinin nəticələri, daxili keyfiyyət təminatı mexanizmlərinin tətbiqi, təhsilverənlərin peşəkar bacarıqlarının artırılması, məzunların əmək bazarına çıxış imkanlarının genişləndirilməsi, həmçinin maliyyə və kadr resurslarının səmərəli idarə olunması məsələləri diqqət mərkəzində olub.

Sonda qarşıya qoyulan hədəflərin icrası ilə bağlı konkret tapşırıqlar verilib, növbəti mərhələdə görüləcək işlərin koordinasiyası üzrə razılaşmalar əldə olunub.

Qeyd edək ki, peşə təhsili sistemində maliyyələşmə və idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə 9 peşə təhsili müəssisəsində adambaşına maliyyələşmə mexanizmi tətbiq olunur.