14–16 oktyabr 2025-ci il tarixlərində “Rebuild Karabakh” beynəlxalq sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə keçirilən “Qarabağ Kuboku” – Milli Mətbəx İrsi Çempionatı keçirilib. Çempionatda Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindən 4, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən 6, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindən isə 10 tələbə müxtəlif kateqoriyalar üzrə yarışlarda iştirak edib və uğur qazanıblar.
“Qarabağ Kuboku” Qarabağ mətbəxi, ənənəvi və müasir milli mətbəx, həmçinin gənclər və böyüklər üçün komanda yarışları, regional milli qənnadı məmulatlarının sərgisi, Qarabağ mövzusunda qənnadı məmulatlarından hazırlanmış bədii heykəllərin nümayişi və sair istiqamətlər üzrə keçirilib. Tələbələr həm fərdi, həm də komanda şəklində çıxış edərək Azərbaycan mətbəxinin zəngin ənənələrini və Qarabağ bölgəsinin unikal kulinariya irsini təqdim ediblər.
Peşəkar kulinariya ustalarından, tanınmış qida ekspertlərindən və milli mətbəx üzrə mütəxəssislərdən ibarət münsiflər heyətinin qərarına əsasən yarışda Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri 1 qızıl, 1 gümüş, 2 bürünc, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri 1 qızıl, 6 bürünc, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri 10 bürünc medal qazanıblar. Əlavə olaraq, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzininin məzunu İlkin Əlifli qızıl kubokla mükafatlandırılıb.
Tədbir çərçivəsində Türkiyə və Özbəkistandan dəvət olunmuş qastronomiya mütəxəssislərinin iştirakı ilə ustad dərsləri də təşkil olunub. Bu sessiyalarda gənc aşpazlar Qarabağ və Azərbaycan mətbəxinin incəliklərini, müasir kulinariya texnikalarını öyrənərək beynəlxalq təcrübə mübadiləsində iştirak ediblər.