9 oktyabr 2025-ci il tarixindən etibarən Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən peşə təhsili müəssisələrində fəaliyyət göstərən təhsilverənlərin peşəkar inkişafına yönəlmiş ixtisasartırma təlimlərinə start verilib.
İxtisasartırma proqramının ilk mərhələsində kibertəhlükəsizlik, veb dizayn, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, kompüter sistemlərində proqramlaşdırma, kompüter sistem inzibatçısı ixtisasları üzrə təlimlər keçirilib. Təlimlərin müddəti 3–5 gün olmaqla, proqram iştirakçılarına nəzəri və praktiki biliklərin inteqrasiyasına əsaslanan öyrənmə mühiti təqdim edilib.
Təlimlərin əsas məqsədi beynəlxalq təcrübələrə əsaslanaraq iş yerlərində təlim və təcrübəkeçmə mexanizmlərinin formalaşdırılmasına dəstək vermək, müxtəlif iqtisadi sahələrdə çalışan təhsilverənlərin peşəkar səriştələrini dərinləşdirmək və onların praktiki bacarıqlarını artırmaqdan ibarətdir.
Təlim müddətində iştirakçılar nəzəri sessiyalarla yanaşı, praktiki tapşırıqlar və real istehsalat mühitində tətbiqi məşğələlər vasitəsilə yeni yanaşmaları mənimsəyiblər.
Proqramın sonunda təlimləri uğurla başa vuran iştirakçılar sertifikatlarla təltif olunublar.